İsgəndər Cavadov: Foqts və Torresdən fərqli, Prosineçkinin klublarla, futbolçularla münasibəti yaxşıdı
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun azerisport.az saytına müsahibəsi
- Bu gün keçirilmiş İK-nın iclasında Robert Prosineçkiyə səs verməyinizə hansı amillər təsir göstərdi?
- O, özü də bəyan etmişdi ki, Azərbaycanda yaşamaq istəyir. Futbolçularla, klublarla münasibətləri yaxşıdı. Belə keyfiyyətlər Karlos Alberto Torresdə, Berti Foqtsda olmayıb.
- Xorvat mütəxəssis nə söz verdi?
- O, nəticə verməlidi. Prosineçki yerli məşqçilərlə, futbolçularla görüşüb. Oyunları izləyir. Yığmanın uğur qazanması üçün hər şey baş məşqçidən asılı deyil. Futbolçuların da oynaması lazımdı.
- Siz bu təyinatdan nə gözləyirsiz?
- Prosineçki tanınmış şəxsdi. Ola bilər ki, o, futbolçularla dil tapa bilsin və uğur qazansın. Amma yenə də deyirəm ki, burada hər şey xorvatdan asılı deyil. Bu tsikldə o, heç nə edə bilməyəcək. Əsas hədəf növbəti tsiklə yaxşı hazırlaşmaq olmalıdı. Mümkündü ki, heyətdə dəyişikliklər olsun. Əgər o, bu işin öhdəsindən gəlsə, biz dəstəkləyəcəyik. İstənilən halda biz onun nəticə qazanacağına inanırıq.
- Bernard Lippert U-21-dən uzaqlaşdırıldı. U-17 və U-19-u çalışdıran Mirbağır İsayevlə Nikolay Adamla bağlı nə qərar veriləcək?
- Böyük ehtimalla onlar postlarında qalacaqlar.
- Məşqçilər Komitəsinin üzvləri məlumdu?
- Bəli. Vaqif Sadıqov sədr təyin olunub. Komitəyə həmçinin Böyükağa Hacıyev, Şahin Diniyev və Ağasəlim Mircavadov da daxildi.
- Dünyasını dəyişmiş Ələkbər Məmmədovu İK-da kimin əvəz edəcəyi barədə müzakirələr aparıldı?
- Hələ yox. Çünki bu vəzifəyə seçkilər aparılmalıdı. Mümkündü ki, belə də qalsın. Seçkilər dörd ildən bir keçirilir. 2017-ci ilədək həmin postun boş qalması istisna deyil.
