Kamran Quliyev: Ciddi dəyişikliklər olacaq
"Sumqayıt"ın prezidenti Kamran Quliyevin azerisport.az saytına müsahibəsi
- "Sumqayıt"ın Azərbaycan Kubokundakı hədəfi nədən ibarətdi?
- Hadisələri qabaqlamaq istəmirik. Qarşıdakı oyunda qələbə qazanmaq istəyirik. Qalan oyunlar haqda sonra danışmaq olar. "Bakı"ya qalib gəlsək, böyük ehtimalla "Qarabağ"la qarşılaşacağıq.
- Bütövlükdə turnir üçün hədəflərinizi açıqlamaq istəmirsiz?
- Axı biz sabah qalib gəlib-gəlməyəcəyimizi bilmirik. Ağdamlılar ötən mövsüm ölkə kuboku ilə 1/4 finalda vidalaşdılar. Bu komanda hazırda iki cəbhədə mübarizə aparır. Biz onlarla qarşılaşacağımız dövrdə "Qarabağ"ın neçə cəbhədə mübarizə aparacağını bilmirik. İndi bu barədə danışmaq çox tezdi. Komanda hələlik, sabahkı oyuna hazırlaşır.
- Komandanız yaxşı oynasa da, nəticə qazanmaqda çətinlik çəkir...
- Yaxşı oynayan komanda həmişə qalib gəlmir. Oyundan razıyam. Xüsusilə də müdafiədən. Məncə, AZAL-a qalib gələ bilərdik. Hesabda da öndə idik. Amma elə səhvlər buraxırıq ki, rəqiblər həmin səhvləri bağışlamırlar.
- Yəqin ki, 2:1 hesabıyla öndə olanda məğlubiyyət haqda düşünmürdüz?
- Ən böyük səhvimiz ikinci qoldan sonra müdafiədən oynamağa başlamağımız oldu. Belə etməməliydik.
- "Sumqayıt" sonuncu dəfə 5-ci turda qələbə qazanıb. Bu nəticələrlə komandadan nə gözləyək?
- Bunu futbolçulardan və məşqçilərdən soruşmaq lazımdı, məndən yox. Çünki nəticələr onlardan asılıdı. Bütövlükdə, oyun yaxşı olsa da, nəticə yoxdu.
- Adətən, nəticə olmayan komandalarda dəyişikliklər olur. Bəs "Sumqayıt"da nə dəyişiklik olacaq?
- Ciddi dəyişikliklər olacaq. Bu, daha çox futbolçulara aiddi. Məşqçilər korpusunu dəyişmək haqda düşünməyə dəyməz. İndi eniş dövrüdü. Sadəcə, komandaya "təzə qan" lazımdı.
- Vaxtilə liderlər qrupunda idiz...
- Mən bu idman növündə cəmi 5 ildi varam. Komandamız gəncdi. Digər klublarla müqayisədə legionerlərimiz yoxdu. Mövsümə yaxşı başlamışdıq. İndiki mövqeyimizə layiq olmadığımızı düşünürəm. Hardasa bəxtimiz gətirmir. Hakimlikdən heç vaxt şikayətlənməmişəm. Çünki futbolu onlar yox, oyunçular oynayır. Baxaq görək bundan sonrakı turlarda necə olacaq. Ümid edirəm ki, nəticələrimizi yaxşılaşdıra biləcəyik.
