Rizvan Fərzəliyev: Joze Alesionun gedişinin bizə pis təsir etdiyini deməzdim
Futzal üzrə Azərbaycan yığmasının və "Araz"ın kapitanı Rizvan Fərzəliyevin azerisport.az saytına müsahibəsi
- Qazaxıstana niyə böyük hesabla uduzduz?
- Hər turnirin ilk oyunu çətin alınır. İlk yarıda pis oynamadıq. Qol epizodlarından yaxşı yararlansaydıq, belə hesab qeydə alınmayacaqdı. İkinci hissənin ilk beş dəqiqəsində də üstünlük bizdə idi. Həmin vaxt qol vurmaq əvəzinə öz qapımızda qol gördük. Beşinci meydan oyunçusunu buraxsaq da, yenə qollar buraxdıq.
- Qarşıda Özbəkistan və Belarusla oyunlar var. Bu oyunlarda yığmamızdan nə gözləyək?
- Bu gün Belarusu məğlub edib, komandadakı atmosferi düzəltmək istəyirik. Fikrimcə, bu turnir bizim Avropa Çempionatının seçmə mərhələsinə yaxşı hazırlaşmağımıza kömək edəcək.
- "Araz" UEFA Kubokunun elit mərhələsində fiaskoya uğradı, yığmamız Daşkənd turnirinə uğursuz başladı. Azərbaycan futzalında nə baş verir?
- "Araz"da çoxlu yeni futzalçılar peyda olub. Onlar gəncdilər, yerli uşaqlardı. Komandaya tam uyğunlaşmaları üçün zamana ehtiyac var. Hələ ki, qol vəziyyətlərindən yaxşı yararlana bilməməyimiz ən zəif cəhətimizdi.
- Belə görünür ki, Joze Alesionun gedişi "Araz"a və yığmamıza təsiri böyük olub...
- Mən belə deməzdim. Onun yerinə Toni Peres kimi səviyyəli mütəxəssis gətirilib. O, komandaya yenicə gəlib. Hazırlıq üçün vaxtı çox az idi. İki həftəyə böyük uğurlara imza atacaq gücdə olan komanda formalaşdırmaq çətindi.
