Saşa Stamenkoviç: Qış fasiləsinə kimi vəziyyəti düzəltməyimiz lazımdı
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviçin azerisport.az saytına müsahibəsi
- Son turda "Qəbələ"yə qalib gəlməyinizə nə mane oldu?
- "Xəzər Lənkəran"la oyunda çox güc sərf etmişdik. Fikrimcə, buna görə "Qəbələ"yə qarşı o qədər də yaxşı oynaya bilmədik. Hər iki komandanın qol vurmaq üçün şansları oldu. İkinci hissədə biz daha yaxşı oynadıq. 20-30 faiz də artırsaydıq, qələbə qazana bilərdik.
- Bir xalı sizin üçün müsbət nəticə saymaq olar?
- Məncə, heç-heçə oyunun gedişatına uyğun oldu.
- "Neftçi" son üç turda 7 xal itirib...
- Bəli, bu, çoxdu. Qış fasiləsinə artıq çox az oyun qalıb. Bu xal fərqini azaltmağımız yaxşı olardı.
- "Neftçi"də böhran var?
- Deməzdim. Bir daha qeyd etmək istəyirəm ki, "Xəzər Lənkəran" kimi prinsipial rəqiblə görüşdə xeyli güc, emosiya sərf etmişdik. Belə bir oyundan sonra tam bərpa olmaq asan deyildi.
- "Qarabağ"ın Avropa Liqasında çıxış etdiyini nəzərə alsaq, siz əslində bu komandanın yorğunluğundan istifadə edib, çempionatda onlardan öndə qərarlaşmalıydız...
- İki il öncə də çempionatda oxşar nəticə var idi. Amma onda biz "Qarabağ" kimi uğurlu çıxış edirdik.
