Amit Quluzadə: Hərdən portuqaliyalılar məndən Qarabağ haqda soruşurlar
Portuqaliyanın "Atletiko" klubunda çıxış edən Amit Quluzadə bu ölkənin ikinci Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası "Uniao de Madeyra" ilə sülh bağlayıb - 2:2.
Quluzadə isə son görüşdə meydana çıxmayıb. Hazırda Amitin komandası 17 xalla 24 klub arasında 19-cu yerdə gedir.
Futbolçu azerisport.az saytına açıqlamasında komandadakı vəziyyətindən söhbət açıb: "Bu kluba gələndə zədəliydim. Sağalandan sonra meydana çıxdım. Düzünü deyim ki, burada heyətlə bağlı maraqlı qərarlar qəbul edirlər. Qələbə də olsa, məğlubiyyət də qeydə alınsa, heyət, demək olar ki, hər oyunda dəyişir. Məni burada təəccübləndirən daha bir məqam insanların Azərbaycan haqda çox az məlumata malik olmalarıdı. Futbolumuzdan cüzi nələrisə bilirlər. Bu məlumatlar da təbii ki, yığmamızın Portuqaliya ilə eyni qrupda mübarizə apardığı dövrdə əldə olunub. Portuqaliyalılar hərdən "Qarabağ" barədə də soruşurlar. Axı bu komanda hazırda Avropa Liqasında çıxış edir".
Quluzadə yığmamızın baş məşqçi postuna namizəd olan Robert Prosineçkidən də danışıb: "Böyük ehtimalla baş məşqçi Prosineçki olacaq. Onunla tanışlığım var. Çünki onun rəhbərliyi altında "Kayseri Ərciyyəspor"da oynamışam. Yaxşı məşqçidi, millimizə kömək edə bilər. İndi onun məni xatırladığını dəqiq deyə bilmərəm. Portuqaliyaya gələndən sonra AFFA-dan zəng gəlmişdi, mənimlə maraqlanmışdılar".
