Flavinyo: Qarabağa qalib gəlməliyik, əks halda hər şey daha pis olacaq
"Neftçi"nin yarımmüdafiəçisi Flavinyonun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə qolsuz heç-heçə barədə nə deyə bilərsiz?
- Yaxşı oynamadıq. İlk hissədə passiv idik. Niyəsini bilmirəm. Ola bilər ki, yorğunuq. İkinci hissədə daha yaxşı oynasaq da, qol vura bilmədik. İki vacib xal itirdik. Artıq "Qarabağ"la oyunda qələbə qazanmalıyıq. Əgər çempionluğa oynayırıqsa, son çempionu məğlub etməyə borcluyuq.
- Siz meydana Julius Vobay zədələnəndən sonra çıxdınız. Niyə ehtiyatda qalmışdınız?
Azərbaycanda legionerlərə limit var. Məhz buna görə ehtiyatda qalmışdım.
- Limitə görə daha yaxşı legionerlər meydana çıxır. Bəlkə, siz yaxşı oynamadığınıza görə ehtiyatda qalmışdınız?
- Jurnalistlər bir qayda olaraq, mənim əvvəlki formamdan uzaq qaldığımı deyirlər. İllər ötür və bu, istər-istəməz futbolçuya təsir edir. Mən "Neftçi"yə gələndə 26 yaşım var idi, indi isə 31 yaşım var. Fiziki kondisiyalarım o zamankı kimi deyil. Amma mən özümə güvənirəm və "Neftçi"yə kömək edəcək gücdə olduğumu düşünürəm.
- 31-32 yaşlı futbolçuların da fiziki göstəricilərinin yaxşı olduğunu görmüşük...
- Razıyam ki ilk illərdəki kimi oynamıram. Amma pis oynadığımı da düşünmürəm. İlk iki mövsümdə yaxşılardan idim. Amma indi Premyer Liqada məndən də yaxşı oyunçular var. Bu da bir səbəbdi. Həm də "Neftçi" tək məndən ibarət deyil. Nəticə qazanmağımız üçün yalnız mənim yaxşı oynamağım yetərli deyil. Bütün komanda yaxşı oynamalıdı.
- "Neftçi" belə oyunla "Qarabağ"a qalib gələ bilər?
- 5 ildi Azərbaycandayam. Bu müddət ərzində "Qarabağ"a məğlub olduğumuzdan daha çox qalib gəlmişik. Bu komandaya hörmətlə yanaşırıq. Onlar yaxşı mövsüm keçirirlər. Amma bu, bizim qələbə qazanmaq şansımızın olmadığı anlamına gəlməmilidi. Risk etmək lazımdı.
- Komandanız son üç turda yeddi xal itirib...
- Bəli. Bu, çox pis göstəricidi. "Qarabağ"ın turnir cədvəlində daha çox aralanmaması üçün mütləq qələbə qazanmağımız lazımdı.
- İddialı rəqiblərinizdən yalnız "Xəzər Lənkəran"a qalib gəlmisiz. Güclülərə qalib gəlmədən necə çempion olmaq olar?
- Bu, "Qarabağ"ı məğlub etməyimiz üçün daha bir səbəbdi. Risk etməyimiz vacibdi. Əks halda hər şey daha pis olacaq.
