Böyük oyun Bayıl Arena və ya Dalğa Arenada keçirilə bilər
"Xəzər Lənkəran" rəhbərliyi Topaz Premyer Liqasının 13-cü turunda "Neftçi" ilə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qarşılaşmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, cənublular əslində həmin turda əzəli rəqibini Lənkəranda qəbul etməli olsa da, stadionundakı təmir işləri ilə əlaqədar qarşı tərəfə müraciət ünvanlamış və oyunun Bakıda keçirilməsinə dair istəyini bildirmişdi.
"Neftçi" rəhbərliyi isə buna razılaşmış və hətta öz stadionunu da rəqibə verməyə hazır olduğunu bəyan etmişdi. Ancaq cənublular bununla razılaşmayıblar. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, onlar paytaxtdakı digər arenalarla maraqlanırlar. Mümkündü ki, "Böyük oyun" "Bayıl Arena" və ya "Dalğa Arena"da keçirilsin.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması noyabrın 24-də keçiriləcək.
