Mahmud Qurbanov: Məşqçilər korpusu oyundan razıdı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi əvəzi Mahmud Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
- Məşqçilər korpusu oyundan razıdı. Xüsusilə də, apardığımız mübarizədən. Rəqib səhvsiz oynamağı bacardı. Onlar hücumda bizə heç bir şans vermədilər. Qapalı futbola üstünlük verdilər. Nəticə, təbii ki, bizi sevindirmədi. Ən azı bir xal qazanmaq istəyirdik.
- Hücum xəttində niyə dəyişiklik etmədiz?
- İrəlidə kifayət qədər oyunçumuz var idi. Baş tutan əvəzetmələr isə yorğunluqdan irəli gəldi.
- Foqtsun dövründə hamı günahı onda, legionerlərdə görürdü. Siz isə tamamilə yerli futbolçulara şans verdiniz. İndi sizcə, problem baş məşqçidədi ya futbolçularda?
- Yerli futbolçular pis oyun sərgiləmədilər. Problem ondadı ki, qol vura bilmirik.
- Niyə start heyətdə Qara Qarayevi yox, Ruslan Abışovu oynatdınız?
- Biz heyəti rəqibin oyununa görə qurmuşduq. Fikrimcə, Ruslan pis təsir bağışlamadı. Həm də o, daha təcrübəlidi.
- Vüqar Nadirovu meydana niyə buraxmadız?
- Əlavə dəyişikliyə ehtiyac olduğunu düşünmürdüm.
- Düşünmürsüz ki, bu məğlubiyyət sizin millinin baş məşqçisi postunda qalmaq şanslarınızı azaltdı?
- Millinin sükanı arxasında qalmağım real deyil.
