Berti Foqtssuz ilk sınaq
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki dördüncü oyununda Norveçi qəbul edəcək.
Qeyd edək ki, Norveç Azərbaycan yığması üçün tanış rəqibdi. Belə ki, millimiz bundan əvvəl sözügedən komanda ilə bir dəfə də seçmə mərhələdə eyni qrupda mübarizə aparıb. Bu, DÇ-98-in seçmə mərhələsinə təsadüf edib. Həmin vaxt - 1996-cı ilin iyun ayının 2-də Osloda baş tutan qarşılaşmada Kazbek Tuayevin rəhbərlik etdiyi millimiz biabırçı məğlubiyyətlə üzləşmişdi - 0:5. 1997-ci ilin 6 sentyabrında Bakıdakı cavab qarşılaşmasında isə futbolçularımız nisbətən normal nəticə ilə məğlub olmuşdular - 0:1. Bir sözlə, 18 il sonra yenidən millimizin yoluna çıxan norveçlilərlə duellərdə üstünlük tam olaraq rəqibin tərəfindədi. Yığmamız bu komandaya heç qol da vura bilməyib.
Norveç yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 68-ci yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə - 126-cı pillədə qərarlaşıb. Dünya və Avropa çempionatlarının iştirakçısı olmuş rəqibimiz kifayət qədər güclü komandadı.
Norveç millisinə yerli mütəxəssis Per-Matias Hoqmo başçılıq edir. 55 yaşlı məşqçi 2013-cü ildən etibarən bu yığmanı çalışdırır. 1989-cu ildən məşqçilik edən mütəxəssis ölkəsinin əksər klubları ilə yanaşı, aşağı yaş qruplarından ibarət yığmalarında da işləyib.
Göründüyü kimi, yığmamızı növbəti matçında da çox güclü rəqib gözləyir. Millimiz startda Bolqarıstana (1:2) evdə, İtaliya (1:2) və Xorvatiyaya (0:6) səfərdə məğlub olarkən (1:2), norveçlilər ilk üç oyunundan iki qələbə, bir məğlubiyyətlə ayrılıb. Doğma meydanda İtaliyaya 2 cavabsız qolla məğlub olan bu komanda daha sonra Maltaya (3:0) və Bolqarıstana (2:1) qalib gəlib.
Norveçlilər Bakıda qarşılaşacağı millimizlə görüşdə də aşkar favoritdilər. Azərbaycan yığmasının isə doğma meydanda oynamasına baxmayaraq, hətta 1 xal qazanması da uğur kimi qiymətləndiriləcək. Çünki futbolçularımız bu seçmə mərhələdə çox uğursuz çıxış edirlər. Məhz bunun nəticəsi olaraq altı ildən çox idi əsas komandamızın sükanı arxasında çalışan Berti Foqts da istefa verdi. Bu üzdən də millimizi Norveçlə oyuna müvəqqəti baş məşqçi təyin olunan Mahmud Qurbanov çıxaracaq. Onun Aslan Kərimovla birgə çalışdırdığı futbolçularımızın bu dəfə necə bir sürprizə imza atacağı maraqla gözlənilir.
Norveçlə oyun Azərbaycan millisinin 2014-cü ildə 8-ci oyunu olacaq. Yığmamız bu il 4-cü rəsmi oyununa çıxır. Əvvəlki üç rəsmi oyunda yığmamızın Bolqarıstan və İtaliyaya eyni hesabla (1:2), Xorvatiyaya 6 cavabsız qolla uduzduğunu xəbər verdik. Digər oyunların hamısı yoxlama görüşü çərçivəsində baş tutub. Mart ayında Dubayda Filippinə 1:0 hesabıyla qalib gələn futbolçularımız mayda San-Fransiskoda baş tutan görüşdə ABŞ millisinə 2 cavabsız qolla uduzub. Avqustun 20-də Bakıda baş tutan Özbəkistanla qarşılaşma 0:0 hesabıyla başa çatıb. Sentyabrın 3-də Moskvada keçirilən Rusiya ilə oyunda isə millimiz 0:4 hesablı məğlubiyyətlə üzləşib.
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 211-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 38-də qələbə qazanmışıqsa, 56-da da heç-heçə ilə təsəlli tapmışıq. 116 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 148 qol vurduğumuz halda, öz qapımızdan 362 top çıxarmışıq.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
16 noyabr
21:00. Azərbaycan - Norveç
Hakimlər: Yevgeni Aranovski, Aleksandr Voytyuk, Semen Şlonxak, Sergey Bekker.
Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abdula (hamısı Ukrayna).
Hakim-inspektor: Zoran Petroviç (Serbiya).
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə).
Bakı. "Bakcell Arena".
| 1 | Xorvatiya | 3 | 3 | 0 | 0 | 9 | 0 | +9 | 9 |
| 2 | İtaliya | 3 | 3 | 0 | 0 | 5 | 1 | +4 | 9 |
| 3 | Norveç | 3 | 2 | 0 | 1 | 5 | 3 | +2 | 6 |
| 4 | Bolqarıstan | 3 | 1 | 0 | 2 | 3 | 4 | –1 | 3 |
| 5 | Malta | 3 | 0 | 0 | 3 | 0 | 6 | –6 | 0 |
| 6 | Azərbaycan | 3 | 0 | 0 | 3 | 2 | 10 | –8 | 0 |
