Mahmud Qurbanov: Norveçi xalsız yola salmaq istəyirik
AÇ 2016-nın seçmə mərhələsinin növbəti oyununda Azərbaycan yığma komandası sabah Norveç millisini qəbul edəcək. Azerisport.az xəbər verir ki, oyundan bir gün öncə millimizi meydana çıxaracaq Mahmud Qurbanov baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini söyləyib:
"Norveç yığması haqqında çox danışmağa ehtiyac duymuram. Çalışacağıq ki, sabah əlimizdən gələni edək. Azarkeşlərimiz qarşısında futbolçulardan çox şey gözləyirəm. Milli komandanın başında müvəqqəti olsam da, buna tam məsuliyyət hissi ilə yanaşıram. İstər futbolçular olsun, istərsə də mən bu ağırlığı hiss edirəm. Sabahkı oyunu proqnozlaşdırmaq düzgün olmaz. Sabah çətin oyunumuz var. Biz sadəcə, yaxşı nəticə əldə etmək istəyirik. Norveçi xalsız yola salmalıyıq.
Biz sabahkı oyuna nikbin baxırıq və futbolçularımıza inanırıq. Rəqib nə qədər güclü olsa da, onları xalsız yola salmaq istəyirik. Əhval-ruhiyyəmiz yaxşı vəziyyətdədi. Düşünürəm ki, futbolçular sabahkı oyuna hazırdırlar.
Biz Norveç yığmasının oyunlarına baxmışıq. 10 il bundan əvvəlki Norveç deyillər. Əks-hücumda yaxşı oynayırlar. Rəqibin hər mövqedə təhlükəli oyunçuları var. Bizim müdafiəçilər üçün başağrısı ola bilərlər.
Mən illər öncəki milli komandamızla indikini müqayisə etmək istəməzdim. Əvvəllər çətinliklər daha çox idi. Ona görə də bu müqayisə düzgün olmazdı.
Milliləşdirilmiş oyunçular zəif təsir bağışladıqları üçün onları milliyə çağırmamışam. Bu gün heyətdə yer alan futbolçular layiq olduqları üçün burdadılar. Bəzi gənc futbolçular da var ki, onlar gələcəkdə yığmaya çağırıla bilərlər.
Bu gün pleymeyker mövqeyində bir çox futbolçularımız var. Bütün lazım olan futbolçular yığmamızdadı. Onlar sabah meydanda lazım olanı etməyə çalışacaqlar.
Azarkeşlərə demək istəyirəm ki, yığmamızı dəstəkləsinlər. Əlbəttə bunun üçün stadiona gəlməkləri lazımdı”.
