Hoqmo: Azərbaycanlıların əsas silahı azarkeşləri olacaq
Ötən gecə Norveç yığması Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəssində yığmamızın qonağı olacaq norveçlilər Bakıya çatdıqdan sonra oyun öncəsi qısa fikirlərini açıqlayıblar.
Norveç yığmasının hücumçusu Tarik Elyunussi: "Məğlubiyyət faciəvi olardı. Heç kim uduzmağı sevmir. Hətta yoxlama oyunlarında da. Estoniyaya məğlubiyyət bizə dərs oldu. Amma buna görə ruhdan düşmək olmaz. Ən azından ona görə ki, bu məğlubiyyətə görə xal itirmədik. Bu üzdən sakit olmaq və qarşıdakı oyuna köklənmək lazımdı. Bakıda tam fərqli, sürətli oyun olacaq. Oyuna münasibət də həmçinin".
Komandanın baş məşqçisi Per-Matias Hoqmo isə bunları söyləyib: "Biz buradakı məşqlərimizi və rejimimizi Norveç vaxtına uyğunlaşdırmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, iki ölkə arasındakı 3 saatlıq fərq futbolçulara təsir göstərməsin".
"Azərbaycanı Bolqarıstan, İtaliya və Xorvatiya ilə oyunlarda iş başında görmüşük. Bu komanda topla çox yaxşı davranmağı bacarır. Zəhmətkeş futbolçuları varı. Amma azərbaycanlıların əsas silahı mənə elə gəlir ki, azarkeşləri olacaq".
