Aslan Kərimov: Norveçin də zəif cəhətləri var
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah qarşılaşacaqları Norveçin Estoniya ilə son yoxlama oyununu izləyib. Azerisport.az saytına açıqlamasında o, Estoniyada gördüklərindən danışıb:
"Norveçin Estoniyaya məğlubiyyəti göstərici hesab olunmamalıdı. Rəqibimizin demək olar ki, optimal heyəti var. Sadəcə, onlar bütün bacarıqlarını nümayiş etdirmədilər. Estonların yaxşı kompinasiyası qolla nəticələndi. Ondan sonra daha iki yaxşı qol epizodları oldu. İkinci hissədə isə meydan sahibləri yaxşı oynadılar. Norveç artıq bizim bildiyimiz kimi oynamır. Onlar uzun ötürmələrdən istifadə etməklə irəlidəki ucaboy futbolçuların təhlükə yaratmasına ümid bəsləyirdilər. Amma indi uzun ötürmələr elə də çox deyil. Ucaboy futbolçuları da çox deyil. Aqressiv kombinasiyalı oyuna üstünlük verirlər. Orta sahədə kifayət qədər yaxşı futbolçuları var. Bizə çətin olacaq. Amma hər bir komanda kimi, Norveçin də zəif cəhətləri var. Rəqibi öyrənməyə davam edirik".
