Şahin Diniyev: Norveçin Estoniyaya məğlubiyyəti bizi aldatmamalıdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin azerisport.az saytına müsahibəsi
- Mahmud Qurbanovun yığmanı bir oyunluq çalışdırması hamıya məlumdu. Bu fakt futbolçuların Norveçlə oyununa mənfi təsir edə bilər?
- Baş məqçinin bir oyunluq təyin olunması futbolçuların toparlanmasına mane olur. Mahmudun üzərinə çox böyük missiya düşür. O, kardinal dəyişikliklər edə bilməyəcək. Amma motivasiya ilə bağlı, psixoloji hazırlıqlar aparmaq vacibdi.
- Axı biz peşəkar futbolçulardan danışırıq...
- Əlbəttə. Yığmanın oyunçusu meydana Mahmud və ya Berti Foqts üçün çıxmır. O, özünün, öz ölkəsinin imici üçün oynayır. Yığmanı, vətəni, xalqı, bayrağı layiqincə təmsil etmək lazımdı. Bunları unutmaq olmaz. Oyuna düzgün yanaşmaq lazımdı.
- Xorvatiyaya səfərdəki 0:6 hesablı məğlubiyyətdən sonra millimiz Bakıda Norveçə qalib gələ bilər?
- Biz Xorvatiyaya qarşı çox pis oynadıq. Ona görə də elə nəticə qeydə alındı. Norveçlə oyun bizim futbolçuların həmin yenilgini unutdurması üçün bir şansdı. Bir də növbəti belə bir şans gələn il ələ düşəcək.
- Norveçin yoxlama oyununda Estoniyaya uduzduğundan xəbəriniz var?
- Tamamilə mümkündü ki, norveçlilər həmin oyunda nəyə qadir olduqlarını nümayiş etdirmədilər. Çünki bizimkilər də həmin oyuna baxırdılar. Bu məğlubiyyət bizi aldatmamalıdı. Mənə elə gəlir ki, Bakıda norveçlilər tam fərqli oyun sərgiləyəcəklər.
- Sizcə, yığmamızın Norveç üzərindəki qələbəsi Mahmud Qurbanovun baş məşqçi postunda qalmasına şərait yarada bilər?
- Bir oyuna görə nəticə çıxarmaq istəməzdim. Mən də çox istərdim ki, yığmada yerli mütəxəssis çalışsın. Amma bildiyimə görə, milliyə əcnəbi mütəxəssis gətirməklə bağlı qərar artıq qəbul olunub.
- Qurbanova Norveçlə oyunda nəyi məsləhət görərdiz?
- Çox çətin sualdı. İlk növbədə, onu qeyd edim ki, çətin mənim məsləhətim kiməsə lazım olsun. Əgər köməyimi istəsələr, şad olaram.
