"Azərbaycan yığmasının üzvləri bizə tanış deyil"
Futbol üzrə Norveç yığmasının oyunçusu Aleksandr Soderlund AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığmasının futbolçularının adları mənə heç nə demir. Bilirəm ki, bəzi futbolçuları Türkiyədə çıxış edir. "Qarabağ"ın da çıxışından xəbərim var. Amma onların heç biri mənə tanış deyil. İstənilən halda, onlara qalib gəlməliyik".
Müdafiəçi Omar Elabdullaui də futbolçularımızı tanımadığını dilə gətirib: "Mən də onların oyunçuları ilə yaxşı tanış deyiləm. Bilirəm ki, Azərbaycan FİFA-nın reytinq cədvəlində düşüşdədi. Mümkündü ki, kimsə onları düzgün qiymətləndirmir. Amma biz yaxşı oynamalıyıq ki, səfərdən qələbə ilə qayıdaq. Heç kim bizə qələbəni hədiyyə edən deyil".
Hücumçu Tarik Elyunussi isə bunları söyləyib: "Bizim Azərbaycan yığmasını öyrənmək üçün elə də çox vaxtımız olmayıb. Bakıda üç xal qazanmaq heç də asan olmayacaq".
