Elvin Yunuszadə: Norveç ilə oyunda azarkeşlər bizdən qələbə gözləsinlər
Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- Norveçlə oyuna hazırlıq necə gedir?
- Fiziki hazılıqdan sonra yoxlama oyunu keçirdik. Gənclərdən ibarət yığma ilə oyun çox xoşuma gəldi. Amma əsas bu oyunda öz səhvlərimizi görmək idi. Əminəm ki, hər kəs öz çatışmazlığını gördü və qarşıdakı oyunda onları təkrarlamamağa çalışacaq.
- Berti Foqts üçün darıxmırsız?
- Düzünü deyim ki, bu barədə danışmaq istəmirəm. Foqtsla bağlı mənə sual verməyin.
- Bəs baş məşqçi postundakı dəyişiklikdən sonra komandadakı atmosfer necədi?
- Heç nə dəyişməyb. Mahmud Qurbanovla Aslan Kərimov öz işini görür.
- Norveçlə oyundan nə gözləyirsiz?
- Seçmə mərhələnin startındakı üç məğlubiyyətdən sonra artıq qələbə qazanmaq vaxtıdı. Qarşıdakı oyunda azarkeşlərimizi sevindirmək istəyirik. İstədiyimiz kimi oynaya bilsək, qələbə qazana bilərik.
- Bu rəqibə qalib gələcək gücdəsiz?
- Ötən tsikldəki uğurlu oyunlarımızdan birini təkrarlaya bilsək, buna nail olmağımız mümkündü. Fikrimcə, Norveçə öz meydanımızda qalib gələ bilərik. Norveç Rusiya və İsraildən güclü deyil. Qoy azarkeşlər bizdən qələbə gözləsinlər.
- Yəqin ki, norveçlilərin hansı oyun üslubuna üstünlük verdiyindən xəbəriniz var...
- Bəli. Onlar öz uca boylarından yararlanmağa çalışırlar, güc futboluna üstünlük verirlər.
