Vidadi Rzayev: Millimizin Norveçə uduzmayacağına inanıram
Azərbaycanın veteran futbolçusu Vidadi Rzayevin azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığması 18 il öncə Norveçə qarşı oynayıb. Siz həmin oyunları xatırlayırsız?
- Onu necə unutmaq olar? Oslodakı oyunda onlar bizi "ikinci mərtəbədə" tam üstələdilər. Bizim boyumuzu nəzərə alsaq, bu, təəccüblü deyildi. Həm də rəqibin heyətində Ole-Qunnar Sulşer və Ture Andre Flu kimi oyunçular var idi. Sonuncu bütün hava toplarını qazanırdı. Qolların da əksəriyyətini standart vəziyyətlərdən buraxdıq.
- Norveç futbolu indi həmin dövrdəki qədər güclü deyil. Bu üzdən demək olar ki, Mahmud Qurbanovun rəhbərlik etdiyi yığmamız həmin problemlərlə üzləşməyəcək?
- Düzdü, indi onların elə ulduz futbolçuları yoxdu. Amma bu, onların bizim üçün təhlükəli rəqib olmadığını deməyə əsas vermir. Norveçin Bolqarıstana qarşı son oyununu (2:1) izləmişəm. Xüsusi qol epizodları yarada bilməsələr də qələbə qazanmağı bacardılar.
- Onların yendiyi bolqarlara biz öz meydanımızda uduzmuşuq...
- Bu komandaya qarşı oynamaq və müsbət nəticəyə ümid etmək olar. Hər ehtimala qarşı standart vəziyyətlər zamanı da diqqətli olmaq vacibdi. Onlar indi də bu göstəriciyə görə güclüdülər.
- Berti Foqtsun rəhbərliyi altındakı üç məğlubiyyətdən sonra komandamız bu oyunda toparlana bilər?
- İndi də toparlanmasaq, bunu nə vaxt edəcəyik ki? Bu komandanın bundan başqa özünü sübut etmək şansı qalmaya da bilər. Öz meydanımızda həmişə yaxşı oynayırıq. Bu oyunda da uğurlu çıxış edə bilərik. Norveçin də bu baxımdan bizim üçün münasib rəqib olduğunu düşünürəm. Uduzacağımıza inanmıram.
- Mahmud Qurbanovun bu posta müvəqqəti gətirildiyi bəllidi. Sizcə, yığmamıza necə bir məşqçi gətirilməlidi?
- Yerli məşqçilərə güvənmələri daha yaxşı olardı. Bu tsikldə onsuz da nəsə etmək şansımız yoxdu. Bu seçmə mərhələni yerli mütəxəssislə başa vura bilərik. Komandada gəncləşdirmə siyasəti də aparılmalıdı. Gənclərə daha çox yer verilməlidi ki, təcrübə qazansınlar.
