Məhəmməd Qurbanov: Norveçi məğlub edib, vəziyyəti düzəltməliyik
Futbol üzrə Azərbaycan yığmasının və "Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- Norveçlə oyuna hazırlıq necə gedir?
- Hər şey normaldı. Komandada yaxşı atmosfer var.
- Millimiz Norveçlə oyun öncəsi U-21-i sınağa çəkdi və 4:2 hesabıyla qalib gəldi...
- Yoxlama oyunu olsa da, maraqlı alındı. Qələbə də öz yerində. Əlbəttə, bu, sadəcə hazırlıq görüşü idi. Gənclərlə oyunda özümüzü sınaqdan keçirmiş olduq.
- Siz də vurulan qollardan birinin müəllifi olduz. Oyundan sonra baş məşqçi bununla bağlı sizə nəsə dedi?
- Bu, mənim Azərbaycan yığmasının heyətindəki ilk qolum idi. Rəsmi oyun olmasa da, qol vurmaq çox xoşdu. Amma bu qolu çox şişirtmək istəmirəm. Oyundan sonra da heç kim bununla bağlı bir söz demədi.
- Berti Foqtsun dövründə də milliyə dəvət alırdız. Onun gedişindən sonra komandamızda nə dəyişib?
- Bu, mənim milliyə ikinci dəvətimdi. Bu üzdən də Foqtsu daha yaxşı tanımaq imkanım olmayıb. Onun rəhbərliyi altında cəmi iki həftə məşq etmişdim. Hər şeyin yaxşı olacağına inanırıq. Norveçi məğlub edib, vəziyyəti düzəltməyə çalışacağıq.
- Sizcə, Mahmud Qurbanov sizi bu oyunda meydana buraxacaq?
- Səylə məşq edirəm, özümü göstərməyə çalışıram. Heç vaxt məşqçinin işinə qarışmamışam. Burada da baş məşqçi hansı qərarı qəbul etsə, hörmətlə qarşılayacam. Mümkündü ki, yaxşı formada olum. Amma dediyim kimi, hər şeyə baş məşqçi qərar verəcək. Qurbanov şans versə, oynayacam.
- Norveçlə oyundan hansı nəticəni gözləyək? Bizə ancaq qələbə sərf edir, ya heç-heçə də normal nəticə olacaq?
- Bu suala cavab verməyə hazır deyiləm. Çünki matçın necə başa çatacağını heç kim deyə bilməz. Amma biz istənilən halda ən yaxşısına çalışacağıq.
- Rəqib barədə nə deyə bilərsiz?
- Norveç yığması atletik futbola üstünlük verir. "İkinci mərtəbə"də çox yaxşı oynayırlar. Əks-hücumları da təhlükəli olur. Hələ biz onları tam analiz etməmişik. Ona görə də rəqib haqda başqa nəsə deyə bilmərəm.
- Əksər milliləşdirilmiş futbolçular Azərbaycanı tərk etdikdən sonra millimizə dəvət olunmur. Bəs siz ölkəmizi tərk etməli olsaz, necə addım atacaqsız?
- Azərbaycan yığmasından həmişə dəvət gözləyəcəm. Azərbaycanda və ya başqa bir ölkədə oynamağımın fərqi yoxdu. Əlbəttə, milliyə dəvət almaq ilk növbədə mənim nə dərəcədə hazır olmağımdan asılı olacaq. Amma hazırda Azərbaycandayam və burada hər şey mənim ürəyimcədi. Ölkəni tərk etmək barədə düşünmürəm.
- "Sumqayıt"da bu mövsümkü çıxışınız yaxşı alınır, qollar vurursuz. Yəqin ki, bu üzdən başqa klublardan təkliflər var...
- Mənim hələ klubla bir illik müqaviləm qalır. Mənə görə nə klubla, nə menecerimlə əlaqə saxlayan olub. Yəni mənə Azərbaycan və Rusiyadan heç bir dəvət yoxdu. Bütün diqqətim "Sumqayıt"ın oyunlarına yönəlib.
