Rauf Əliyev: Millidə yerli məşqçi ilə çalışmaq mənim üçün yenilikdi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Toplanış necə gedir?
- Hər şey normaldı. Artıq bir həftədi bir yerdə məşq edirik. Hazırlıq prosesi yaxşı gedir.
- Gənclərə qarşı oyun haqda nə deyə bilərsiz?
- Maraqlı oyun oldu. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışdıq.
- Bu oyunda fərqlənən futbolçulardan biri də siz olduz...
- Yığmada qol vurmaq mənim üçün həmişə önəmli olub. Komandada özünəinam daha da artdı. Bu, dəqiqdi.
- Berti Foqtsun gedişindən sonra nə dəyişib?
- Bəzi müsbət dəyişikliklər var. Artıq daha sakit oynamağa başlamışıq.
- Hansı müsbət dəyişiklikləri nəzərdə tutursuz?
- İndi komandada bir-birini daha yaxşı tanıyan futbolçular yer alır. Bu, komandadakı atmosferə də təsir edir.
- Norveçlə oyunda sizi hansı nəticə qane edəcək?
- Yalnız üç xal. Meydana qələbə üçün çıxacağıq.
- Mahmud Qurbanovu Foqtsdan fərqləndirən nə var?
- Çox şe var. Tapşırıqlar, məşqlər və sair. Demək olar ki, hər şeydə fərqlidilər.
- Yəni Norveçlə oyunda tam fərqli Azərbaycan yığması görəcəyik?
- Buna inanıram. Taktika da fərqli olacaq.
- Yığmada yerli məşqçi ilə çalışmaq necədi?
- Mən yığmada ancaq Foqtsla çalışmışam. Ona görə yerli məşqçi ilə çalışmaq mənim üçün yenilikdi. Amma unutmamalıyıq ki, Qurbanov yığmaya bir oyunluq təyin olunub.
- Norveçlə oyunda qələbə qazansaz da, belə olacaq?
- Bu suala artıq mən cavab verə bilmərəm. Qoy buna AFFA rəhbərliyi qərar versin.
