Azərbaycan Norveçlə matça 0 qolla çıxacaq
Futbol üzrə Azərbaycan yığması noyabrın 16-da AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda Norveçlə qarşılaşacaq. Azerisport.az sizi millimizin heyətinə dəvət alan futbolçuların klublarının heyətində keçirdikləri son oyunlarındakı göstəriciləri ilə tanış edir.
QAPIÇILAR
Kamran Ağayev "Qəbələ"nin heyətində "Bakı"ya qarşı 90 dəqiqə oynayıb, 1 qol buraxıb (1:1).
Emil Balayev "Neftçi"nin AZAL-la oyununda 90 dəqiqə meydanda olub, komandasının böyükhesablı qələbəsində pay sahibi olub (4:0).
"İnter"in qapıçısı Səlahət Ağayev artıq ikinci oyundu qol buraxmır. Son turda o, "Sumqayıt"la qolsuz heç-heçədə 90 dəqiqəni meydanda keçirib.
MÜDAFİƏÇİLƏR
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov son turun "Araz Naxçıvan"la oyununda 72 dəqiqə meydanda olub. Bu komandanın digər müdafiəçisi Tərlan Quliyev həmin oyunda 90 dəqiqə oynadığı halda, Maksim Medvedev ehtiyatda qalıb, Bədavi Hüseynovun adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb. Ağdam klubu sözügedən görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb.
Rasim Ramaldanov "Xəzər Lənkəran"ın "Simurq" üzərində qələbə qazandığı (2:1) oyunda 90 dəqiqə meydanda olub, sarı vərəqə almaqla yadda qalıb.
Elvin Yunuszadə "Neftçi"nin AZAL-la görüşündə (4:0) 90 dəqiqə oynayıb.
Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubunun son oyununu diskvalifikasiyalı olduğu üçün buraxmalı olub.
YARIMMÜDAFİƏÇİLƏR
Mirhüseyn Seyidov "Neftçi"nin AZAL üzərində qələbə qazandığı oyunda (4:0) 90, Araz Abdullayev isə 65 dəqiqə meydanda lub.
Cavid Hüseynov "Qəbələ"nin "Bakı" ilə oyununda (1:1) 90 dəqiqə meydanda olub, Ruslan Abışov isə 33 dəqiqə oynamaq şansı qazanıb.
Məhəmməd Mirzəbəyov "İnter"in "Sumqayıt"la qolsuz heç-heçəyə razılaşdığı görüşdə 90 dəqiqə mübarizə aparıb.
Rahid Əmirquliyev "Xəzər Lənkəran"ın "Simruq" zəfərində (2:1) 90 dəqiqəlik mübarizə ilə yadda qalıb.
Qara Qarayev "Qarabağ"ın "Araz Naxçıvan" üzərində qələbə qazandığı görüşdə (4:0) 45 dəqiqə meydanda olub.
Türkiyənin "Elazığspor" klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyev "Bucaspor"la oyunda (0:3) bir hissə oynayıb.
Dmitri Nazarov Almaniyanın "Karlsrue" klubunun "Qroyter Fyurt" üzərində 3:0 hesablı qələbə qazandığı görüşdə 90 dəqiqə meydanda olub, bir qolun ötürməsini edib.
Rəhman Hacıyev Türkiyənin "Qaziantep BB" klubunun "Osmanlıspor"la oyununda (2:2) iştirak ərizəsinə daxil edilməyib.
HÜCUMÇULAR
"Qaziantep BB"-də çıxış edən digər futbolçumuz Vaqif Cavadov isə 90 dəqiqə meydanda olub.
Vüqar Nadirov "Qarabağ"ın "Araz Naxçıvan"la oyununda (4:0) iştirak ərizəsinə daxil edilməyib.
Rauf Əliyev "Xəzər Lənkəran"ın "Simurq"la oyununda (2:1) 90 dəqiqə meydanda olub.
Rəşad Eyyubov "Xəzər Lənkəran"la qarşılaşmada 90 dəqiqə oynamaqla yanaşı, bir sarı vərəqə alıb.
"Sumqayıt"ın forvardı Məhəmməd Qurbanov "İnter"lə qarşılaşmada (0:0) 90 dəqiqə oynayıb.
