Əfran İsmayılov: Dnepr və İnterlə oyunlarda Qarabağın qələbəsinə inanıram
Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Norveç qrupdan çıxmaq üçün mübarizə aparır. Buna görə də çətin oyun olacaq. Amma biz evdə, azarkeşlərimiz qarşısında oynayırıq. Bu üzdən qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Ən azından bir xal qazanmalıyıq. Məğlubiyyətdən söhbət gedə bilməz. Onsuz da çox xal itirmişik. Artıq xal qazanmaq vaxtıdı. Qələbəyə inanıram".
"Qarabağ"ın sabiq futbolçusu Ağdam klubunun Avroliqada Ukrayna "Dnepr"inə məğlubiyyətindən də danışıb: "Qarabağ" baxımlı oyun sərgiləyir, Azərbaycan futbolunun Avropadakı imicini qaldırmağa nail olub. Artıq bütün rəqibləri komandamızdan çəkinirlər. Düzdü, "Dnepr"ə uduzsalar da, yaxşı oynadılar. Məncə, hələ hər şey itirilməyib. Qarşıda daha iki oyun var. Fransa "Sent-Etyen"i ilə səfər oyununda uğura inanıram. "Qarabağ" evdə Milan "İnter"inə də qalib gələ bilər. Onlara Azərbaycan futbolunda daha bir tarix yazmağı arzulayıram".
