Arif Əsədov: Samir, Emin və Ruslan da əsas milliyə layiqdi
“Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Arif müəllim, ilk olaraq hazırlıqla bağlı məlumat verərdiz...
- Noyabrın 6-dan etibarən “Simurq”la oyunun hazırlığına start vermişik. İki həftəlik hazırlıq planımızı iki hissəyə bölmüşük. Birinci həftə əsasən fiziki hazırlıqlara üstünlük vermişik. İkinci həftə isə “Simurq” klubu ilə oyuna köklənəcəyik. O vaxta kimi milli komandalara cağırılmış futbolçularımız da qayıdacaqlar və tam heyətlə hazırlığımızı davam etdirəcəyik.
- Hazırlıqda komandanın bütün üzvlərinin olmaması problem yaratmır ki?
- Hər bir məşqçi istəyər ki, bütün kollektiv bir yerdə olsun. Bununla belə sevindirici haldı ki, “Neftçi”nin futbolçuları mütəmadi olaraq milli komandaların düşərgəsinə çağırılır. Təsadüfi deyil ki, ümumlikdə 9 futbolçumuz əsas və gənclərdən ibarət milli komandalara dəvət alıb. Biz çalışırıq ki, belə futbolçuların sayı daha artıq olsun. Əsas heyətin futbolçularının yoxluğundan istifadə edib əvəzedici komandadan futbolçuları hazırlığa cəlb etmişik. Bu, onlar üçün yaranmış bir şansdı. Ötən ay da biz əvəzedici komandadan futbolçular dəvət etmişdik. Bu dəfə də onların sayı artıb. Rahil Məmmədov, Cavid Muxtarzadə, Orxan Qurbanlı, Aqşin Qurbanlı kimi gənc oyunçular bu gün bizimlə birlikdə məşq edir.
- Yoxlama oyunlarında bu futbolçulara şans verməyi düşünürsüzmü?
- Təbii ki, onları çağırmışıqsa, deməli, şans da verməliyik. “Bakı” ilə keçirdiyimiz ilk yoxlama matçında da onlara şans vermişdik. Bu dəfə də gənclərin xidmətindən yararlanacağıq. Məqsədimiz odu ki, bu futbolçular təcrübə qazansınlar və əsas komandada möhkəmlənə bilsinlər. Əvəzedici komandanın məşqçiləri ilə mütəmadi əlaqə saxlayırıq və onlar bizi futbolçularla bağlı məlumatlandırırlar.
- Bu oyunçuları “Neftçi”nin Premyer Liqa oyunlarında görə biləcəyikmi?
- “Neftçi” gənc futbolçuları yetişdirməklə yanaşı, Premyer Liqada da çempionluğa oynayan bir komandadı. Biz onlara şans verməklə yanaşı, yüksək yerlər uğrunda mübarizəmizi də davam etdiririk. Çalışmalıyıq ki, gənc futbolçuları həddən artıq yükləməyək. Gördüyünüz kimi, Emil Balayev artıq start heyətində möhkəmlənib. Gələcəkdə digər futbolçular da ona qoşulacaq.
- Fasilə bitdikdən sonra “Neftçi” sıx qrafiklə 4 ağır oyun keçirəcək və bu oyunların 3-ü səfər qarşılaşmasıdı...
- Doğrudan da qrafik sıx olacaq. Amma fasilədən öncə də biz bəzi oyunlarda əsas heyətin futbolçularına istirahət verdik və şərait yaratdıq ki, qüvvələr bərabər bölünsün. Yəni əvəzləmələrin köməyi ilə bu oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Əsas məqsədimiz odu ki, iki bərabər səviyyəli heyət yaradaq ki, belə vəziyyətdə problem yaranmasın.
- Son turlara qədər “Neftçi”nin müdafiə futbolu oynadığı deyilirdi. Amma son iki turda “Neftçi” 7 qol vurmaqla hücumdakı gücünü də göstərdi.
- Sağlam tənqidi normal qarşılayırıq. “Neftçi”də hücum potensialı olan güclü futbolçular var. Sadəcə, xəttlərarası əlaqə yaratmaq lazım idi. Çalışırıq ki, komanda hücuma keçəndə müdafiədə boşluqlar yaranmasın. Gəldiyimiz ilk günlərdə müdafiədəki çatışmazlıqları aradan qaldırmağa çalışırdıq. Komanda 1 top fərqi ilə qalib gəldiyi oyunlarda da çoxlu qol imkanları yaradır, sadəcə, bəzən bu fürsətlərin hamısını reallaşdırmaq mümkün olmur.
- Milli komandalarımıza çağırılan futbolçular arasında ilk dəfədi ki, Mirhüseyn Seyidovun da adı var. Mirhüseyn əvəzedici komandadan başlayaraq, sizin rəhbərliyiniz altında oynayıb. İndiki gənclər arasında əsas milliyə dəvət ala biləcək futbolçular görürsüzmü?
- “Neftçi”yə gəldiyim ilk gün Mirhüseyn Seyidovla söhbətim oldu və ona bildirdim ki, öz üzərində bir qədər də çalışsa, əsas milliyə dəvət ala bilər. Mirhüseynin böyük potensialı var. Düşünürəm ki, o, bundan da yaxşı oynamaq gücündədi. Ondan başqa yaxın gələcəkdə Ruslan Qurbanov, Samir Məsimov, Emin Mehtiyev də əsas yığmaya çağırıla bilərlər.
