Şahin Diniyev: Qarabağın qrupdan çıxmaq şansı hələ də qalır
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev "Qarabağ"ın Avroliqanın qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə məğlubiyyətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" yaxşı təsir bağışladı, öz səviyyəsini bir daha göstərdi. Əlbəttə, istərdik ki, bu məğlubiyyət olmasın. İkinci hissədəki zəif oyuna gəlincə, burada "Dnepr" futbolçularının avrokuboklardakı təcrübəsi öz sözünü dedi. Onlarda olan böyük təcrübə təəssüf ki, bizim oyunçularda yoxdu. Elə bir təcrübə olsaydı, komandamız da nəticəyə oynayardı. İstənilən halda "Qarabağ" rəqibi qarşısında köməksiz görünmürdü. Qrupdakı şanslara gəlincə, hələ heç nə itirilməyib. Qarşıdakı "Sent-Etyen"lə oyun bu baxımdan çox həlledici olacaq. İndi bu qrupda elə bir vəziyyət yaranıb ki, hətta Milan "İnter"i də qrupda qala bilər".
