Akif İsmayılov: Çoxdan idi mərkəzi arenada belə hadisə olmurdu
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov ötən gün keçirilmiş "Qarabağ" - "Dnepr" matçı zamanı bir azarkeşin ağır yaralanmasına səbəb olan hadisə ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, arenanın giriş qapısının qırılması nəticəsində onun altında qalan Samir Mirzəyevin başına gələn hadisəni belə şərh edib:
"Hadisə oyunun əvvəlində olub. Həmin vaxt 25-ci sektorda basabas yaranıb. Fanatlar stadiona girməyə çalışıblar, polislər isə onları dayandırmağa cəhd göstərib. Məhz bunun nəticəsində giriş qapılarından biri qırılaraq aşağıdakı insanların üstünə düşüb. Çox təəssüf ki, azarkeşlərdən biri ağır xəsarət alıb. Oyundan sonra klub rəsmiləri həmin azarkeşi xəstəxanada ziyarət etdi. Bu hadisəni nəzərə almasaq, bütövlükdə, matçın təşkilatçılığı yüksək səviyyədə oldu".
Arenanın direktoru çoxdan idi belə bir problemlə üzləşmədiklərini bəyan edib: "Sonuncu dəfə belə bir olay 2002-ci ildə AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - İtaliya oyununda baş vermişdi. O zaman da həmin oyunu izləmək istəyən azarkeşlər çox olduğundan stadionun ətrafında belə basabaslar yaranmışdı və darvazalar yerindən çıxarılmışdı".
Qeyd edək ki, Mirzəyevin həyati təhlükəsinin olmadığı bildirilir. O, sabah əməliyyat olunacaq.
