Qurban Qurbanov: Biz heç-heçəyə oynamırdıq
Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
- Əlbəttə, uduzmaq istəməzdik. Ən azından heç-heçə etmək istəyirdik. Bu gün "Dnepr"in əsl gücünü gördük. Uşaqlar sonadək döyüşdülər. Səhvlərimiz oldu. Gözləmədiyimiz vəziyyətlərdə qollar buraxdıq. Amma futbolçulara çox iradımız yoxdu. Artıq növbəti oyunumuzu düşünməliyik.
- "Qarabağ" ilk qolu buraxdığı oyunlarda dönüş yarada bilmir. Bunun səbəbi nədi?
- Sadəcə, istədiklərimizi edə bilmədik. Qol vəziyyətlərimiz olsa da, onlardan lazımınca yararlana bilmədik.
- Kənardan sizi hətta heç-heçənin də qane etdiyi hiss olunurdu...
- Biz heç-heçəyə oynamırdıq. Amma rəqibin gücünü də nəzərə almaq lazımdı. Biz sadəcə düzgün oynamağa çalışırdıq.
- "Dnepr"in heyətində kimin oyununu xüsusi qeyd edərdiz?
- Kaliniçin. Demək olar ki, bu oyunu o, təkbaşına qazandı. İrəli göndərilən topların 90 faizini o qəbul etdi. "Dnepr" bütün oyunu məhz onun üzərində qurmuşdu. Çox yaxşı hücumçudu.
- Hesab etmirsiz ki, "Qarabağ"ın komanda oyununda problem var?
- Kənardan elə görünə bilər. Futbol kollektiv oyundu. Düzdü, bir epizodda Muarem Leroyu görmədi. İnanmıram ki, o, həmin epizodda özü qol vurmağa çalışsın.
- Komandanızın qrupdan çıxmaq şansı barədə nə düşünürsüz?
- Öncədən biz qarşımıza qrupdan çıxmaq vəzifəsi qoymamışdıq. Şansımız hələ də var. "Sent-Etyen"lə səfər oyunumuz "Dnepr"lə Bakıdakı oyundan daha asan olacaq. Kiyevdəki qələbədən sonra bu oyundakı çıxışımız məni çox düşündürürdü. Fransadakı oyunda isə bu qədər təzyiq olmayacaq. Şans varsa, sonadək mübarizə aparmalıyıq.
