Miron Markeviç: Dnepr layiqli qələbə qazandı
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Kiyevdəki oyundan sonra "Qarabağ"ın xoşuma gəldiyini açıqlamışdım. Onlara qalib gəlmək asan deyildi. Bu komanda hətta Çempionlar Liqasının qrup mərhələsinə düşməyə də çox yaxın idi. Təşkilatlanmış komandadı. Bunu bu gün keçirilən qarşılaşma da bir daha sübut etdi. Biz bu dəfə Kiyevdəkindən daha yaxşı oynadıq. Gərgin oyun alındı.
İstənilən komanda belə böyük azarkeş ordusu qarşısında çıxış edəndə fərqli duyğular yaşayır. Bizə öz meydanımızda və ya Lvovda çıxış etməyə imkan vermədilər. Kiyevdə boş tribunalar qarşısında oynamaq çətindi. Bu gün isə çoxlu azarkeş qarşısında daha yaxşı oynamağı bacardıq.
Kiyevdəki oyunda məğlubiyyətə layiq idik. Bu gün isə layiqli olaraq qələbə qazandıq. Çünki vurduğumuz qollardan başqa da qol epizodlarımız oldu".
