Nazim Süleymanov: Qurban Qurbanov millini çalışdırmağa daha çox layiqdi
Azərbaycanın veteran futbolçusu Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ" Ukrayna "Dnepr"inə qalib gəlmək üçün nə etməlidi?
- "Qarabağ" bizi çox sevindirdi. Kiyevdəki qələbəni qeyd etdik, indi isə Bakıdakı oyunda belə bir uğur qazanmaq lazımdı. Komandamızın azarkeşləri sayəsində 12-ci oyunçusu da olacaq. İnanıram ki, "Qarabağ" yenə qələbə qazanacaq. Amma bu, asan olmayacaq.
- "Qarabağ"ın qələbə qazanmaq şansı nə dərəcədə yüksəkdi?
- Avropa Liqasına vəsiqə qazanmışıqsa, burada öz gücümüzü göstərməyə də çalışmalıyıq. Avroliqa həm də böyük bir bazardı, futbolçularımız burada özlərini nəhəng klublara göstərə bilirlər. Ümid edirəm ki, futbolçular da bunu başa düşürlər.
- Ağdam klubunun sərgilədiyi oyun xoşunuza gəlir?
- Əlbəttə. Qurban Qurbanovun məşqçi işinin bu dərəcədə hiss olunması xoşuma gəlir.
- Reynaldonun son zamanlar gerilədiyini demək olar?
- Reynaldo ötən mövsümkü səviyyədə deyil. Amma biz ondan daha artığını gözləyirik. Məsələn, o, "Sent-Etyen"lə oyunda çox yaxşı təsir bağışlamışdı, oyunu öz üzərinə götürməyə çalışırdı. Reydlər etdi, zərbələr vurdu. Baxmayaraq ki, bir epizodda Vüqar Nadirova ötürmə etməyə borcluydu. Fikrimcə, Reynaldoya onun yığmaya cəlb olunması barədə söhbətlər psixoloji cəhətdən təsir göstərdi. İstənilən halda o, görüşün taleyini təkbaşına həll edə biləcək futbolçulardandı. Mənə elə gəlir ki, Reynaldoya rəqabət lazımdı.
- Sizcə, yığmanın yeni baş məşqçisi kim olmalıdı?
- Bu məsələni AFFA rəhbərliyi həll edir. Mənim üçün yeni baş məşqçinin əcnəbi və ya yerli olmasının fərqi yoxdu. İstənilən halda, hamımız həmin şəxsə kömək etməliyik. Mahmud Qurbanova Norveçlə oyunda uğurlar arzulayıram.
- Sizi də millini sükanı arxasında görmək istəyənlər var...
- Mənə hələlik, heç bir təklif gəlməyib. Öz ölkəsinin yığmasında çalışmaq hər bir məqşinin arzusudu. Amma mənə elə gəlir ki, Qurban Qurbanov reytinqinə görə hər kəsi qabaqlayır. Hazırda yığmanı çalışdırmağı o, hamıdan çox layiqdi.
