6 noyabr 2014 12:40

Asif Əsgərov: Qarabağ bu gün Azərbaycanda ilkləri reallaşdıracaq

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Dnepr"i qəbul edəcək. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu oyunda ənənəsinə sadiq olaraq bir sıra yeniliklərlə yadda qalacaq. "Qarabağ"ın meneceri Asif Əsgərov bu yeniliklər haqda klub saytına danışıb.

- Asif bəy, Avropa Liqası çərçivəsində "Sent-Etyen"lə Bakıda keçirilən matçın Milli Musiqi Gününə təsadüf etməsi komandanızın buna biganə qalmaması ilə yekunlaşmışdı. Hələ də stadionda dalğalanan böyük Azərbaycan bayrağı qürur mənbəyimiz olmaqla yanaşı, Koroğlu uverturasının sədası qulaqlardan çəkilməyib. Bəs, bu gün "Dnepr"ə qarşı keçiriləcək oyunda hansı yeniliklər olacaq?
- Qeyd etdiyiniz kimi, "Sent-Etyen"lə oyunda böyük Azərbaycan bayrağının açılması fəxr ediləsi durum idi. Bu fonda Koroğlu uverturasının səslənməsini hər kəs ayaq üstə alqışladı. Bu, Azərbaycanda ilk idi. Bunu "Qarabağ" adi azarkeşləri ilə reallaşdırdı. Yəni, əvvəlcədən heç bir məşq edilməmişdi. Azarkeşlərimizə inandıq, onlara güvəndik və sağ olsunlar ki, onlar da bayrağımızın bu şəkildə dalğalanmasına imkan yaratdılar. Bu oyunda da bizim bəzi planlarımız var. İstəyirik ki, stadiona gələn azarkeşlər komandamızın oyunu ilə yanaşı, orada olacaq yeniliklərin də bilavasitə iştirakçısı olsun. Və bu yeniliklər onları təəccübləndirsin. Bu gün baş tutacaq oyunda "Qarabağ" futbol klubunun böyük bir formasının dalğalanmasına nail olmaq istəyirik. Amma, bu formanın stadiona gəzdirilməsini yox, sabit bir sektorda açılmasını istəyirik.

- Niyə məhz formanın meydanda açılmasını istədiz?
- Hərdən komandanın oyunu fonunda ona dəstək olan insanları, sponsorları unuduruq. Artıq 13 ildi ki, "Azərsun Holdinq" "Qarabağ"a dəstək olur. Əlbəttə, hər bir işin reallaşmasında başlıca amillərdən biri maliyyədi. "Qarabağ" başda Abdolbari Gozəl, Tahir Gözəl olmaqla, onların dəstəyi ilə bu günlərə gəlib çıxıb. UEFA-da keçirdiyimiz oyunlarda da formamızın üzərində baş sponsorumuz olan "Azərsun Holdinq" imzası var. Bu dəfə bunu ön planda tutmağa çalışdıq. Klubumuzun direktoru Əmrah Çəlikəlin ideyası ilə biz də istədik ki, "Qarabağ" klubu bu dəfə oyunu ilə, sponsorları və azarkeşləri ilə tam bütöv şəkildə Azərbaycan futbolunun siması olsun. Bundan əlavə hər bir oturacaqda "Qarabağ" klubunun bayrağı olacaq. Azarkeşlərdən xahiş edirik ki, həmin bayraqlara hörmətlə yanaşsınlar. O bayraqlar da stadionda tam bir görüntü təşkil etmək məqsədi ilə paylanılacaq. Eyni zamanda 50-yə yaxın "Qarabağ" loqolu müxtəlif dizaynlı böyük bayraqlar da düzəldilib. Azarkeşlər olan bölümlərdə bu bayraqlar Avropa havasının Tofiq Bəhramov adına Respublika stadionuna gətirilməsi kimi dəyərləndirilə bilər. Məqsəd, rəqibin Azərbaycanda "Qarabağ" komandası ilə oynadığını hiss etdirməkdi.
 
- Bilet satışında əvvəlki oyunlarda yaşanan problemin də öhdəsindən gəldiz. Yəni, "qara bazar" deyilən sindromu da "Qarabağ" yıxdı...
- Bəli, "qara bazar"la yanaşı, biletlərin kopyalanması ilə da rastlaşmışdıq. İş o səviyyəyə çatmışdı ki, media bölümünə verilmiş biletlərin kopyası başqa bir mətbəədə çap olunub, saxta halda satılmışdı. Bu da bir yerə iki biletin olması ilə nəticələnmişdi. Bunu da nəzərə alaraq, bileti başqa bir yerdə, onun üzərinə vurulan holoqramı isə xarici ölkələrin birində çap etdirdik. Həmin holoqramın üzərində "Qarabağ" loqosu var. Bu, Azərbaycanda olan ən keyfiyyətli holoqramdır və kopyası qeyri-mümkündü. Yəqin ki, siz özünüz də şahidi olursuz ki, "qara bazar" artıq demək olar ki, yoxdu. İndi hər hansı bir qorxumuz da yoxdu ki, kimsə qanunsuz bilet buraxa bilsin.
 
- Avropa ilə müqayisədə biletlərin qiyməti Azərbaycanda çox ucuzdu. UEFA-dan bununla bağlı hər hansı bir narazılıq bildirilib?
- Bəli, UEFA bizi sıxır ki, biletlərin qiymətini çox ucuz qoyursuz. Amma, 2008-ci il təcrübəsindən də bilirsiz ki, "Valetta" ilə oyunda hətta qapıları açdıq ki, azarkeşlər gəlib oyuna baxsınlar. Hörmətli Abdulbari Gözəl, Tahir Gözəl və Əmrah Çəlikəl "Qarabağ"a könül verən azarkeşlərimizin komandalarına yaxın olması üçün əllərindən gələni edir. Amma, bəzi qanunlar var ki, onların da tələblərindən çıxa bilmirik. Buna görə kluba cəza verilir. Həmin dövrdə də xəbərdarlıq almışdıq. Şükür olsun ki, futbolumuz da inkişaf edir. Biz də komanda olaraq əlimizdən gələni edirik ki, bütün təbəqədən olan azarkeşlərimiz gəlib oyunu izləyə bilsinlər.

- Gəlin, açıq danışaq ki, bu vaxta kimi olan oyunlar zamanı azarkeşlər yalnız oyun günü kassalara yaxınlaşıb bilet alırdılar. Ancaq, indi "Qarabağ"ın oyunları üçün bilet satışının rəsmən elan olunması ilə birlikdə kassaların qarşısında bilet növbələri yaranır...
- Haqlısız. Mən deyərdim ki, "Qarabağ" Azərbaycanda daha bir futbol mədəniyyətinin inkişaf etməsinə çalışır. Bütün futbol ictimaiyyəti də təsdiqləyə bilər ki, Azərbaycanda futbola gediş prinsipi var idi. Oyun günü matça gələn vaxt bilet alıb, stadiona daxil olurdular. Bu zaman da heç bir problem yaşanmırdı. Amma, "Qarabağ"ın son illər göstərdiyi nəticələr bu prinsipi alt-üst edib. Azarkeşlərə qələbə ruhu aşılandığından, demək olar ki, bilet satışa çıxarılan ilk gün stadiondakı yerlərə ayrılmış biletlərin yarısı satılır. Hər kəs bilir ki, son günə saxlasalar, ya istədiyi yerə bilet tapa bilməyəcək, ya da ümumiyyətlə bilet tapa bilməyəcək.

- "Qara bazar"la mübarizə aparan bir komanda olaraq Avropa təcrübəsindən biletlərin saytınız vasitəsilə online satışını təmin etməyi düşünürsüz?
- Gəlin zamanı qabaqlamayaq. Bizim qarşıda çox yeniliklərimiz və planlarımız var. Bu oyundan sonra saytımız vasitəsilə fan-shop fəaliyyət göstərəcək və "Qarabağ"ın məhsullarının online satışı təşkil olunacaq. Başqa klublar bunu fərqli çatdırılma kimi həyata keçirir. Amma, biz online olaraq internet vasitəsilə, kredit kart ödəniş sistemi ilə satış təşkil edəcəyik. Bilet satışı da bizim planlarımız içərisindədi.

- Dünən komandaların məşqi zamanı diqqətimi çəkən bir məqam da o oldu ki, stadionun girişində "Qarabağ"ın loqosu yazılmış fan-shop qurulmuşdu. Bu, nə məqsəd daşıyır?
- Avropada keçirilən oyunlara diqqət yetirsəz, şahidi olarsınız ki, azarkeşlər komandalarının rəngləri ilə sifətlərini boyayıb oyuna tamaşa edirlər. Bizdə isə bəzi azarkeşlər öz şəxsi təşəbbüsləri ilə bunu edirlər. Biz də belə qərara gəldik ki, bir ilk reallaşdıraq. Bu gün baş tutacaq oyunda istənilən azarkeş simvolik bir məbləği ödəməklə "Qarabağ" komandasının rənglərini və ya Azərbaycan bayrağını öz sifətinə çəkərək komandanın yanında olduğunu hiss etdirə bilər. Yəni, burada məqsəd gəlir əldə etmək deyil. Dediyim kimi, həmin rəqəm simvolik xarakter daşıyır. İstəyimiz azarkeşlərin bu aksiyaya qoşulmasını təmin etməkdi. Bununla da stadionda olan görüntünu, azarkeş birliyini nümayiş etdirə bilərlər.

- O zaman deyə bilərik ki, "Qarabağ" artıq Avropalaşıb...
- Elə olmağa çalışırıq. İnşallah ki, azarkeşlərimiz də buna istəklə yanaşarlar. Oyuna gələn azarkeşlər də həmin fan-shopdan faydalana bilər. Bu yöndə də bir ilki reallaşdırdıq. İndiyə kimi, müxtəlif mağaza və ya fan-shoplarda komandanın forması satılsa da, bunlar orijinala yaxın formalar idi. Amma, biz belə qərara gəldik ki, həmin fan-shopda orijinal "Qarabağ" formalarını azarkeşlərimizə təqdim edək. Ona görə də, xaricdən sifariş verdiyimiz formalar gətirdik. Hələ ki, bu formalar məhdud saydadı. Çünki, azarkeşlərimzin buna marağını, istəyini yoxlamaq istəyirik. Bu fan-shoplar stadionun girişində və VİP bölməsində fəaliyyət daşıyır. Hələ qarşıda "İnter"lə oyunumuz da var. Ona görə də, bu sınaq məqsədi daşıyır.
 
- Bu formalarda futbolçuların adları yazıllıb?
- Bu yöndə də bir ilki reallaşdıracağıq. Sabah, həmin formanı alan hər bir kəs öz adını və istədiyi nömrəni yazdıraraq stadionda oyunu izləyə biləcək. Yerində və çıx qısa vaxtda. Bu, ən çox 15 dəqiqə vaxt alacaq. Bu prossedur da Azərbaycanda həyata keçirilən bir ilk olacaq. Avropa təcrübəmiz də göstərir ki, klubların azarkeşləri də buna çox həssas yanaşırlar. Stadiona gedən yol boyu azarkeşlər komandanın formasını geyinmiş halda ora yollanırlar. Bu da birliyi, komandaya dəstəyi nümayiş etdirir. Həqiqətən insanda qürur hissi yaradır. Arzulayıram ki, bizdə də hər kəs artıq stadiona daxil olanda azarkeşlərin formasının rəngindən onların "Qarabağ" dəstəkçiləri olduğunu elə ilk baxışdan-görüntüdən anlasın.

- Fan-shop yalnız forma satışını həyata keçirəcək?
- Xeyr, burda "Qarabağ"a aid müxtəlif aksesuarlar da olacaq. Məsələn, Azərbaycanın heç bir klubuna aid olan telefon qabları, örtükləri yoxdu. "Qarabağ" bu işdə də ilk addımı ataraq, mobil telefonlar üçün üzlüklər təqdim edəcək. Həmin üzlüklər məhz "Qarabağ" yazılı və "Qarabağ" loqolu olacaq.

- Bəs, "Qarabağ"a xas olan hər hansı üst geyimləri təqdim olunacaq?
- Azarkeşlərimiz üçün papaqlar da hazırlanıb. Bundan başqa, Avropadakı oyunlarda hər qarşılaşma üçün xüsusi şərflər buraxılır. Biz də bu təcrübədən yararlanaraq bu gün baş tutacaq "Qarabağ" - "Dnepr" qarşılaşması üçün özəl şərflər hazırlamışıq. Həmin şərflərin bir yarısında "Qarabağ", digər hissəsində isə "Dnepr" yazıları var. Bunda da məqsəd, gələcəkdə həmin azarkeşlər üçün bu oyundan bir xatirənin qalmasıdı.

- Fərqli bir məsələyə diqqət çəkmək istəyirəm. Son "Sent-Etyen" oyunu ilə müqayisədə bu gün baş tutacaq Dnepr qarşılaşmasına diqqət və nəzarət daha böyükdü. Bu media nümayəndələri üçün məhdud yerlərin ayrılmasında da özünü göstərib. Buna səbəb nə olub?
- UEFA-nın tələbləri qrup mərhələsi üçün fərqlidi və biz bu tələblərin qarşısında aciz qalırıq. Buna görə də, bu gün baş tutacaq oyunda media nümayəndələrindən həm xahişim var, həm də onlara yeniliyimiz var. UEFA-da Azərbaycanda fəaliyyət göstərən idman saytlarının demək olar ki, hamısının siyahısı var. Hətta bəzi qeyri-idman saytlarının, hansı ki, onların da idman bölmələri var, bunu da bilirlər. Belə olan halda, idman yönümlü mətbuat orqanlarından maksimum iki nəfərin akreditasiyadan keçməyini tələb edirlər. Çünki, deyək ki, bir saytda 5 nəfər qeydiyyatdan keçsə də, heç də bunların hamısı həmin vaxt jurnalist kimi işini görmür. Yəni, həmin saytdan bir, ya iki nəfər oyun zamanı məlumatları çatdırır, digərləri isə oyunu izləyib, sonrakı yazılarında bunu qələmə alırlar. Biz də UEFA-nın tələbini nəzərə alaraq, media bölümünü iki hissəyə ayırdıq. Bir hissədə həmin vaxt işləyəcək jurnalistlər, hansı ki, onlara akreditasiya verilib, digər bölmədə isə "Qarabağ"a azarkeşlik edib, oyunu analiz edən və sonra bu barədə fikirlərini yazacaq həmkarlarınız. Həmin jurnalistlərə isə media-qonaq biletləri təqdim olunub. Bundan əlavə, media bölümündə qeydiyyatdan keçmiş jurnalistlər üçün fasilə zamanı VİP bölmədə təqdim olunan qəlyanaltının eynisi onlar üçün də təşkil ediləcək. Yəni, fasilə zamanı vəsiqəsi olan jurnalistlər media nümayəndələri üçün ayrılmış kafedə qəlyanaltı edə bilərlər. Hər zamankından fəqli olaraq, bu dəfə müxtəlif qəlyanaltılar təklif olunacaq.
 
- Sonda azarkeşlərə sözünüz..
- Azareşlərimizdən bu gün komandamızı sona qədər dəstəkləmələrini istəyirik. Azarkeş futbolun gözəlliyidir. Futbolçularımızın, komandamızın ürəkdən dəstəyə ehtiyacı var. Onlar həmin azarkeşlərdən güc alaraq Avropada yeni tarix yazmaq istəyir. Biz də klub olaraq həm çempionat oyunlarımızda, həm də Avropa Arenasında daim yanımızda olan azarkeşlərimizə təşəkkür edirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.