Qurban Qurbanov: Hətta uduzsaq da, qrupdan çıxmaq şansımız qalacaq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
- Bizim üçün hər oyun vacibdi. "Dnepr"lə ilk oyunda qələbə qazansaq da, sabah görüş çətin olacaq. Artıq hər iki komanda bir-birini yaxşı tanıyır. Kiyevdəkindən daha yaxşı oynamağa çalışacağıq. Daha az səhvə yol verməliyik. Uğurlu nəticə üçün hər şeyi edəcəyik.
Rəqibə Bakıda heç-heçə də sərf edə bilər. Çünki qarşıda daha iki oyunları var və onlardan da altı xal ala bilərlər. Üstəlik, onlar bizdən qisas almağa çalışacaqlar. Ona görə də futbolçularımız ideal oynamalıdılar, bu oyuna yaxşı köklənməlidilər. Rəqibin heyətində elə təhlükəli futbolçular var ki, oyunun taleyini hər an müəyyənləşdirə bilərlər.
İndidən qrupda neçənci yeri tutacağımızı düşünməməliyik. Bizi heç-heçə də qane edir. Hətta məğlub da olsaq, qrupdan çıxmaq şansımızı itirməyəcəyik.
- "Dnepr" çempionatdakı "Şaxtyor"la oyuna görə gücünə qənaət edəcəyini gizlətmir. Bu, sizə kömək edə bilər?
- Ukrayna klubunun nümayəndələrinin nə dediyindən xəbərim yoxdu. Rəqib düşərgədə deyilənlər bizə maraqlı olmamalıdı. Onların güclü baş məşqçisi, futbolçuları var. "Qarabağ"ın oyunçuları hər matçda təcrübəsini daha da artırır.
- "Qarabağ" hər oyuna çox aqressiv başlayır. Sabahkı oyunda da elə olacaq?
- Futbolda aqressivlik çox vacibdi. Mümkündü ki, rəqibimiz də bu oyunda aqressiv çıxış etsin. Bizdə hər şey qaydasında olacaq.
