Markeviç: Qarabağa qarşı elə oynayacağıq ki, Şaxtyorla görüşə də gücümüz qalsın
Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın qonağı olacaq Ukrayna "Dnepr"inin baş məşqçisi Miron Markeviç bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları dilə gətirib:
"Əgər Avroliqadakı mübarizəmizin davam etməsini istəyiriksə, qələbə qazanmalıyıq. Neçə hücumçu ilə oynayacağımızı hələ müəyyənləşdirməmişik. Düşünürük. Biz "Qarabağ"la yanaşı, çempionatın növbəti turunda qarşılaşacağımız "Şaxtyor"la oyunu da nəzərə almalıyıq".
"Gücümüzə qənaət edəcəyikmi? Yaxşı sualdı. Bu, məni düşündürən əsas məsələdi. Avroliqada cüzi də olsa, şansımız qalır. İki ev oyununda uduzmuşuq. İstisna deyil ki, əsas heyət oyunçularından bəzilərinə istirahət verək. "Şaxtyor"la oyuna da gücümüzün qalmasını istəyirik".
"Zozulya oynayacaqmı? O, komanda ilə birgə oyuna hazırlaşıb. Bizim üç yaxşı hücumçumuz var. Kimin oynayacağını görəcəyik".
