Artyom Fedetski: Bakıda qələbə qazanmalıyıq
Ukraynanın "Dnepr" klubunun müdafiəçisi Artyom Fedetski Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la oyun öncəsi klub saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Kiyev "Dinamo"suna məğlubiyyətdən sonra komandada psixoloji durum necədi?
- Bunu faciəyə çevirmək lazım deyil. Uduzduq, bu, futboldu, belə şeylər olur. Əlbəttə, heç kim uduzmağı xoşlamır, amma belə oldu. Belə deyək: komanda bir az özünə hirslidi. İrəliyə baxmaq lazımdı. Bizi qarşıda "Qarabağ" və "Şaxtyor"la məsuliyyətli oyunlar gözləyir.
- "Qarabağ"la oyun sizin üçün Avroliqada davam və ya tamam xarakterlidi...
- Hə, elədi. Biz qrupdan çıxmaq istəyirik və buna görə qələbə qazanmalıyıq. Başa düşürük ki, çox çətin oyun olacaq.
- İlk oyundan hansısa nəticə çıxarmısız? "Qarabağ"a qalib gəlmək üçün nə etməlisiz?
- Hər şeydən öncə qol vurmalıyıq (gülür). Bu, alınsa, hər şey normal olacaq. Qol vəziyyətləri yarada bilirik, amma son nöqtəni qoymaq üçün nəsə çatışmır. Bunun üzərində çalışırıq.
- Çempionatda çox qol vursaz da, Avroliqada tam fərqli vəziyyət var. Bunun səbəbini bilirsiz?
- Bilsəydik, çoxdan həll edərdik. Əlbəttə, biz də qol vurmaq istəyirik. Allah eləsin ki, növbəti oyunlarda bu uğursuzluğa da son qoyaq.
