Miron Markeviç Bakıda qələbə qazanmağın yolunu göstərdi
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
- "Qarabağ" kifayət qədər yaxşı komandadı. Həm də bu dəfə doğma meydanlarında oynayacaqlar. Yəqin ki, hədəfləri qələbə qazanmaq olacaq. Amma bizim də başqa çıxış yolumuz yoxdu. Fikrimcə, kifayət qədər gərgin oyun olacaq.
- Qalibin müəyyənləşməsində həlledici amil nə ola bilər?
- Öz oyunumuzu oynamaq lazımdı. Təəssüf ki, biz hələ Avropa Liqasında özümüzü istənilən səviyyədə göstərə bilmirik. Komandanın liderlərinin də yüksək səviyyədə oynaması vacibdi.
- Kiyev "Dinamo"suna məğlubiyyətdən sonra komandadakı psixoloji durum necədi?
- Aydın məsələdi ki, futbolçular bu məğlubiyyətə görə məyusdular. Amma onu unutmaq, irəli getmək lazımdı. Hələ heç nə itirilməyib. Bu, həm çempionata, həm də Avropa Liqasına aiddi. Sadəcə, öz yaxşı keyfiyyətlərimizi nümayiş etdirməyimiz lazımdı.
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
