Arif Əsədov: Komandam ən yaxşı oyunlarından birini keçirdi
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Komandam çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi. Oyuna ilk dəqiqələrdən yaxşı kökləndik. Topu özümüzdə daha çox saxlamalı idik. Eyni zamanda, itirdiyimiz topu da tez əldə etmək üçün çalışmalıydıq. Komanda öz oyununu tapmaqdadır. Kanalesə mütəmadi olaraq, şans verirdim. Bu gün iki qol vurdu. Yəqin ki, bu gün vurulan qollar ona gələcək matçlarda da kömək edəcək. Hücumu daha da yaxşılaşdırmalıyıq. Gənc qapıçı Emil Balayevə güvənirik. O da etimadı doğruldur. Elşən Abdullayevin də oyununu qeyd etməliyəm. Turnir cədvəlində irəli getdikcə biz gənclərə daha çox şans verəcəyik. Həmin vaxt gənclər daha sərbəst oynayırlar. Elşən oyuna yaxşı qoşuldu. Amma oyunun gedişində zədə aldı. Elşənin tez bir zamanda bərpa olunacağını düşünürəm”.
