Matiya Şpiçiç: İnterin bu gün qələbə qazanmaq vaxtıdı
"İnter"in yarımmüdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi
- Zədədən sonrakı bərpa prosesi necə keçir?
- Sağalıram. Bu gün bir daha həkim müayinəsindən keçəcəm. Durumuma ondan sonra aydınlıq gələcək?
- Həkimlər nə deyir ki?
- Hər şey qaydasında olsa, üç həftədən sonra məşqlərə başlaya biləcəm. Amma hələlik, fərdi qaydada hazırlaşıram. Ümid edirəm ki, hər şey qaydasında olacaq.
- "Sumqayıt"la qarşıdakı oyundan nə gözləyirsiz?
- Fikrimcə, bizim artıq qələbə qazanmaq vaxtımızdı. Son oyunlarda pis futbol sərgiləmirik. İndi də qələbə qazana bilərik. Əlbəttə, rəqib də zəif komanda deyil. Amma bizə üç xal qazanmaq lazımdı.
- Komandanız dörd oyundu qələbə qazana bilmir. Demək olar ki, "İnter" hazırda düşüşdədi?
- Yox, niyə ki? Belə dövrlər hər bir komandada olur. Ümid edirəm ki, bu gün heç-heçə seriyamıza son qoyub, qələbə qazanacağıq.
- "Qarabağ"la qolsuz heç-heçə barədə nə deyə bilərsiz?
- Biz ölkənin ən güclü klublarından birinə qarşı oynayırdıq. Qol da vura bilərdik. Amma qolsuz heç-heçənin ədalətli nəticə olduğunu düşünürəm.
