Aleksandr Çertoqanov: Foqtsun taleyi barədə danışmaq çətindi
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov milli komandamızın AÇ-2016-nın seçmə mərhələsinə uğursuz start verməsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığmasının son uğursuzluqlarını komandada aparılan gəncləşdirmə siyasəti ilə əlaqələndirərdim. İndi yığmaya çoxlu gənc futbolçular çağırılır. Onların komandaya uyğunlaşması üçün zaman lazımdı. Amma təbii ki, bu, son uğursuzluqlara bəraət qazandıra bilməz. Azərbaycan həmişəki kimi çətin qrupa düşüb. Bu tsikl komanda üçün daha çətin keçəcək. Hazırda Xorvatiya, İtaliya kimi rəqiblərə qarşı oynamaq bu komanda üçün ağırdı. Baxmayaraq ki, sərgilədiyi oyuna görə yığma xal toplamağa, nəticə göstərməyə layiqdi. Uğur qazanmaq üçün düzgün və istəkli oynamaq lazımdı.
Üç ardıcıl məğlubiyyətdən sonra Berti Foqtsun kreslosunun laxladığını demək olar. Amma onun postunda qalıb-qalmayacağını demək çətindi.
Mənim yığma karyeram başa çatıb. Ötən qış hətta zədəmlə əlaqədar karyeramı başa vura bilərdim. Amma zədəmi sağaltdım və hazırda karyeramı "Sumqayıt"da davam etdirirəm. Komandamız hazırda çempionatda ikinci yerdə gedir. Medallar uğrunda mübarizə aparmağa çalışırıq".
