Vəli Qasımov: İnanmıram ki, kimsə Foqtsun qalmasını istəyir
Veteran futbolçu Vəli Qasımovun azerisport.az saytına müsahibəsi
- Xorvatiya - Azərbaycan matçı barədə nə deyə bilərsiz?
- Komanda uduza bilər. Amma daha belə biabırçı hesabla yox da. Braziliya da son DÇ-də Almaniyaya 1:7 hesabıyla uduzdu, amma onların hücum etməyə çalışdığı, məğlubiyyətlə barışmaq istəmədiyi hiss olunurdu. Bizimkilərdə isə heç nə alınmadı. Xorvatlar bizə futbolu belə oynamaq lazım olmadığını bir daha göstərdilər.
- Berti Foqts deyir ki, o, oyunçulardan daha az səhvə yol verib. Razısız?
- Mən konkret oyunçulardan danışmaq istəməzdim. Çünki onlar deyiləni edirlər. Foqts seçdiyi taktikaya görə günahkardı.
- Onun yığmamızı tərk edəcəyinə inanırsız?
- Hamını başa düşməli, getməlidi. İnanmıram ki, kimsə onun qalmasını istəyə. Məsələ nəticələrdə də deyil, oyun yoxdu. Altı il ərzində heç bir inkişaf hiss olunmur. Bu, böyük problemdi. Biz geriyə gedirik. Demirəm ki, gedib İtaliya və Xorvatiyaya səfərdə qalib gələk. Sadəcə, biz normal futbol oynamırıq.
- Siz millini çalışdırmağa razı olarsız?
- Əlbəttə. Komandamıza fayda vermək istərdim. Mənə belə bir təklif gəlsə, məmnuniyyətlə qəbul edərəm.
- İtaliyaya qol vuracağımızı gözləyirdiz?
- Yığmamızın standart vəziyyətləri son vaxtlar çox təhlükəli olmağa başlayıb. Artıq biz də bunlardan yararlana bilirik.
- "Qarabağ"ın Avroliqadakı çıxışı barədə nə deyə bilərsiz?
- Qurban Qurbanov artıq çoxdandı bu komandanı çalışdırır. O, Ağdam klubunun oyununu Avropa futboluna yaxınlaşdırıb. Amma komanda hələ pik nöqtəsinə çatmayıb. İnkişaf hiss olunur.
- Sizcə, təmsilçimiz qrupdan çıxa bilər?
- İkinci yeri tuta bilərik. Sadəcə, bir az da bəxt lazımdı. Məsələn, "Sent-Etyen"lə oyunda bəxtimiz gətirmədi.
