Maksim Medvedev: Belə yenilgidən sonra tanışların üzünə baxmaq çətindi
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Osiyekdə nə baş verdi?
- Bunu necə izah edəcəyimi özüm də bilmirəm. Rəqibdə hər şey alındı, bizdə isə heç nə. Xorvatların hər zərbəsi çərçivəyə gedirdi. Oyuna çox ciddi hazırlaşmışdıq. Düşünürdük ki, xorvatlara qarşı İtaliya ilə görüşdəkindən daha yaxşı oynayacağıq. Amma rəqibin necə oyun sərgilədiyini hamı gördü. Onlar bizə çox problem yaratdılar. Bir neçə dəfə taktikanı dəyişsək də, bunun da xeyri olmadı. Matç artıq ilk hissədən sonra bitmişdi.
- Xorvatlar sizi nə ilə təəccübləndirdilər?
- Onların ilk dəqiqələrdən belə inadkar oyun sərgiləyəcəyini gözləmirdik. Hər şey əksinə oldu. Müdafiədən çıxmağı bacarmadıq.
- Berti Foqts yığmanın 3 gündən bir oynamağa hazır olmadığını deyir. Razısız?
- Bəzən Avropa Liqasında oynayan klublarımızın çempionat oyunları təxirə salınır. Ona görə də 3 gündən bir meydana çıxmağa alışmamışıq.
- Bəs "Qarabağ"ın futbolçularına belə təxirəsalmalar komfortludu, yoxsa oynamaq istəyirsiz?
- Əlbəttə, təxirəsalma komfortludu. Bədən istirahət edir, bərpa oluruq. Bəzilərinə elə gəlir ki, futbolçular üçün 3 gündən bir meydana çıxmaq asandı. Amma əslində elə deyil. Özü də İtaliya və Xorvatiya kimi komandalara qarşı.
- Bu məğlubiyyətlər "Qarabağ"da çıxış edən yığma üzvlərinə nə dərəcədə təsir edəcək?
- Bu oyunu unutmağımız lazımdı. Braziliya da Almaniyaya 1:7 hesabıyla uduzmuşdu. Həyat davam edir. Belə məğlubiyyətdən sonra tanışların, dostların üzünə baxmaq çətindi.
- Norveçlə oyundan nə gözləyirsiz?
- Onların oyununa baxmışıq. Onlar indi bizdən daha yaxşı vəziyyətdədilər. Çalışaağıq ki, onları Bakıda məğlub edək.
- Foqts oyundan sonra nə dedi?
- Heç nə. Hamı kefsiz idi. Belə vəziyyətdə nə deyəsiydi ki?
- Komandadaxili iclas oldu?
- Xeyr. 0:6-dan sonra nə danışacaqdız? Hamı pis oynadı.
