Rasim Ramaldanov: Heç kim belə məğlubiyyətlə üzləşmək istəməzdi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
- Xorvatiya ilə oyunda nə baş verdi?
- Mən özüm də nə deyəcəyimi bilmirəm. Sözüm yoxdu. Dəhşətli bir yuxu kimidi. Mən heç düşünə də bilməzdim ki, nəticə belə ola bilər.
- Xorvatların sözünə görə, rəqib ikinci qoldan sonra özünü itirdi...
- Xeyr, elə deyil. Sadəcə, xorvatların oyunu istədikləri kimi alınırdı, bizdə isə əksinə.
- Bəlkə, rəqibdən çox qorxurduz?
- Xeyr.
- İtaliyaya 1:2 hesablı məğlubiyyətdən sonra xorvatlara 6 cavabsız qolla uduzacağınızı bəlkə də heç kim gözləmirdi. Ola bilər ki, yorğunluq sözünü dedi?
- Mümkündü ki, yorğunluqdan irəli gələn nəticədi. Amma rəqib də ikinci hissədə var gücü ilə onamadı. Onlarda da yorğunluq vardı. Sadəcə, onlarda hər şey alınırdı, biz isə əksinə.
- Oser, Gimaraynş və Varşava faciələrinə Osiyek faciəsi də əlavə olundu. Bu faciənin iştirakçısı olmaq necə hissdi?
- Hamımıza indi çox ağırdı. Heç kim belə məğlubiyyətlə üzləşmək istəməz. Hətta 0:1 hesablı məğlubiyyətdən sonra futbolçuya özünə gəlmək çətin olur. Amma bu, futboldu. İrəli baxmaq, növbəti matçlara hazırlaşmaq lazımdı.
- Millinin özünə gəlməsi üçün nə qədər vaxt lazımdı?
- Hər şey qarşıdadı. Ola bilər ki, biz qrupdakı ən çətin oyunlarımızı geridə qoyduq. Artıq bundan sonrakı oyunlarda xallarımızı qazanmalıyıq. Allah eləsin ki, buna nail olaq.
