AFFA-dan Mil-Muğana şok cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Şəmkir” – “Şuşa” matçında “Şəmkir”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Energetik” – “Zirə” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Energetik”in futbolçusu Pərviz Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Kəpəz” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın futbolçusu Məmmədov Rəmzinin sənədlərinin saxta olması aşkar olunub. Futbolçuya və kluba lazımı sənədləri təqdim etmək üçün müddət verilsə də qeyd olunmuş vaxta kimi sənədlər təqdim olunmayıb. İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə bilmədiyinə görə və matçın protokolunda “Kəpəz” klubunun etirazını nəzərə alaraq aşağıdakı qərarlar qəbul olunub.
2014/2015 mövsümündə, Azərbaycan 1-ci divizionunda Rəmzi Məmmədovun istirakı ilə keçirilən “Mil-Muğan” klubunun bütün oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur.
“Mil-Muğan” klubunun futbolçusu Rəmzi Məmmədovun AFFA və PFL in bayrağı altında keçirilən bütun yarışlara 1 illik qadağa qoyulur və klub 1000 manat cərimə olunur.
“Kəpəz” klubunun 4 , “Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
“Turan-T” – “Lokomotiv” matçının 87-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Nicat Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. “Bakılı” klubunun prezidenti Misir Əbilov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
