Foqts: Futbolçulardan az səhv etdim
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:6 hesabıyla başa çatan görüşdən sonra öncə bunları söyləyib:
"Xorvatiya yığmasını qələbə münasibəti ilə təbrik edirəm. Hesab oyuna görə oldu. Bu oyunda komandalardan biri futbol oynayırdı, digəri qaçmırdı, fiziki cəhətdən hazır deyildi. Biz hələ də 3-4 gündən bir oynamağa hazır deyilik. Bizə çox çətin idi. AFFA ilə əlaqə saxlayacam. Belə bir vəziyyətdə mən öz gələcəyimi Azərbaycan yığmasında görmürəm".
"Xorvatlar Mandjukiçə qarşı heç kimin indiyə qədər fərdi oynamadığını söyləyirlər? Yəqin onlar sonuncu dünya çempionatına baxmayıblar".
"Rəqib cinahlarda əla təsir bağışladı. Bizim futbolçular isə çox passiv müdafiə olundular. Oyundan öncə demişdim ki, rəqib futbolçulara qarşı daha yaxın oynasınlar. Amma meydanda tam əksini gördük".
"Məğlubiyyətdə öz günahımı görürəmmi? Komandada 20-ci dəqiqədən sonra güc qalmamışdı. Mən bu gün futbolçulardan az səhv etdim".
"Əgər Xorvatiya və İtaliya ilə 7 il öncə üç gündən bir qarşılaşsaydıq, 0:11 və ya 0:12 hesabıyla uduzardıq. Bu oyunla bağlı futbolçularla söhbətimiz olacaq".
"Meydana hansı taktika ilə çıxmışdıq? Futbolçularıma rəqibə oynamaq imkanı verməməyi tapşırmışdım".
