Matiya Şpiçiç: Xorvatiyanın Azərbaycanla oyun xal itkisi faciə olacaq
Bakı "İnter"inin xorvatiyalı müdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi
- Xorvatiya - Azərbaycan matçına gedəcəksiz?
- Oyuna televizordan baxmalı olacam. Çünki yaşadığımız Zaqrebdən Osiyekə 4 saatlıq yol var. Həm də mən hazırda zədəmi sağaltmaqla məşğulam. Ona görə stadiona gedə bilməyəcəm.
- Azərbaycan yığmasından nə gözləyirsiz?
- İtaliya - Azərbaycan matçının icmalına baxmışam. Komandanızın çıxışı xoşuma gəldi. Azərbaycan xorvatlara da qarşı elə oynasa, hər şey ola bilər. İstənilən halda, maraqlı oyun olacağını düşünürəm. Xorvatiya favoritdi. Amma bunu meydanda göstərmək lazımdı.
- Xorvatiya yığması bu oyuna necə köklənib?
- İlk iki oyundakı qələbədən sonra komandada atmosfer əladı. Bu, Azərbaycanla oyuna da təsirini göstərə bilər.
- Sizdən yığmamızın xorvatlara qalib gələcəyi halda futbolçularımızın nə qədər mükafat qazanacağı barədə soruşublar? Xorvatiya mətbuatı yazır ki, siz hər bir oyunçumuzun 100 000 avro qazanacağını demisiz...
- Mən azərbaycanlı futbolçuların qələbə halında yaxşı mükafat qazandığını demişəm. Amma konkret məbləğ açıqlamamışam. Çünki bunu heç özüm də bilmirəm. Belə bir faktı necə mənim adımdan vermələri özümə də maraqlıdı.
- Sizcə, sürpriz qeydə alına bilər?
- Hər şey ola bilər. Azərbaycan yığması bu gün üzərində təzyiq hiss etməsə, rəqib üçün xoşagəlməz aqibətlə nəticələnə bilər.
- Hətta İvan Rakitiçlə Luka Modriç üçün də?
- Onlar Xorvatiya yığmasının liderləridi, yaxşı formadadılar. Əminəm ki, Azərbaycan yığmasının müdafiə xətti üçün onları dayandırmaq çətin olacaq.
- Xorvatların bu oyunda xal itirməsi necə qarşılanacaq?
- Faciə kimi. Xüsusilə də ilk iki oyundakı qələbədən sonra hamı uğurlu seriyanın davamını gözləyir.
