Millimizin Xorvatiya sınağı
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki üçüncü oyununda Xorvatiyanın qonağı olacaq.
Qeyd edək ki, Xorvatiya Azərbaycan yığması üçün tanış rəqib deyil. Belə ki, millimiz bundan əvvəl sözügedən komanda ilə heç vaxt qarşılaşmayıb. Bir sözlə, tərəflər ilk dəfə üz-üz gələcəklər.
Xorvatiya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 19-cu yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə - 95-ci pillədə qərarlaşıb. Dünya və Avropa çempionatlarının dəfələrlə iştirakçısı olmuş rəqibimiz kifayət qədər güclü komandadı. Xorvatların DÇ-dəki ən yaxşı nəticəsi 1998-ci ildə bürünc medal qazanması olub. AÇ-lərdə isə 1996 və 2008-ci illərdə 1/4 finala yüksəlmələri ən yaxşı göstəricidi.
Xorvatiya millisinə yerli mütəxəssis Niko Kovaç başçılıq edir. 42 yaşlı məşqçi 2013-cü ildən etibarən bu yığmanı çalışdırır. 2009-cu ildən məşqçilik edən mütəxəssis bu sahədə ilk addımlarını Avstriyanın "Zalsburq" klubunun futbol akademiyasında atıb. 2013-cü ildə isə o, ölkəsinin U-21 yığmasına baş məşqçi təyin olunub. Qısa müddətdən sonra da əsas milli Kovaça həvalə olunub.
Göründüyü kimi, yığmamızı növbəti matçında da çox güclü rəqib gözləyir. Millimiz startda Bolqarıstana evdə, İtaliyaya səfərdə məğlub olarkən (1:2), xorvatiyalılar ilk iki oyunundan maksimum nəticə ilə ayrılıb. Doğma meydanda Maltaya 2 cavabsız qolla qalib gələn bu komanda səfərdə Bolqarıstanı minimal hesabla üstələyib. Özündən xeyli zəif rəqiblə qarşılaşmada meydan sahibləri aşkar favoritdilər. Azərbaycan yığmasının Osiekdə hətta 1 xal qazanması da böyük sensasiya kimi qiymətləndiriləcək. Baxmayaraq ki, bu, o qədər də inandırıcı görünmür. Necə ki, bir neçə gün öncə İtaliyadakı oyunda da bunun mümkünsüzlüyünün bir daha şahidi olduq.
İtaliya ilə oyun Azərbaycan millisinin 2014-cü ildə 7-ci oyunu olacaq. Yığmamız bu il üçüncü rəsmi oyununa çıxır. Əvvəlki iki rəsmi oyunda yığmamızın Bolqarıstan və İtaliyaya eyni hesabla (1:2) uduzduğunu xəbər verdik. Digər oyunların hamısı yoxlama görüşü çərçivəsində baş tutub. Mart ayında Dubayda Filippinə 1:0 hesabıyla qalib gələn futbolçularımız mayda San-Fransiskoda baş tutan görüşdə ABŞ millisinə 2 cavabsız qolla uduzub. Avqustun 20-də Bakıda baş tutan Özbəkistanla qarşılaşma 0:0 hesabıyla başa çatıb. Sentyabrın 3-də Moskvada keçirilən Rusiya ilə oyunda isə millimiz 0:4 hesablı məğlubiyyətlə üzləşib.
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 210-cu matçına çıxacaq. İndiyəqədərki oyunların 38-də qələbə qazanmışıqsa, 56-da da heç-heçə ilə təsəlli tapmışıq. 115 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 148 qol vurduğumuz halda, öz qapımızdan 356 top çıxarmışıq.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
13 oktyabr
23:45. Xorvatiya - Azərbaycan
Hakimlər: Stefan Studer, Sandro Potsi, Yan-Yves Vixt, Vital Yobin.
Əlavə köməkçi hakimləri: Alayn Byeri, Saşa Amhof (hamısı İsveçrə).
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya).
UEFA nümayəndəsi: Mixal Listkyeviç (Polşa).
Osiyek. “Qradski” stadionu.
