Emin Quliyev: Foqts bu sözləri deməklə zarafat edir, ya ciddidi?
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Emin Quliyevin azerisport.az saytına müsahibəsi
- Yığmamızın İtaliyaya qarşı keçirdiyi əvvəlki oyunları (0:2, 0:4) necə xatırlayırsız?
- Düzünü desəm, daha çox evdəki oyunu xatırlayıram. Onda stadionda əla atmosfer var idi. Ona kimi elə dolu stadion görməmişdim. Komandamız da yaxşı futbol sərgilədi. Düzdü, qollardan birini özümüz vurduq. Digərini isə Del Pyero cərimə zərbəsindən vurdu. Bizim də qol epizodlarımız oldu.
- Bəs indiki yığmadan İtaliya ilə oyunda nə gözləmək olar?
- Komandamıza ürəkdən uğurlar arzulayıram. Çox istərdim ki, millimizin qələbəsini, ən azı heç-heçəsini görüm. Hamımız yaxşı başa düşürük ki, rəqib çox güclüdü və millimizin işi çətin olacaq.
- 0:4 təkrarlana bilər?
- Ümid edirəm ki, yox. Düzdü, İtaliya 11 il əvvəl daha güclüydü. Əgər uşaqlar özlərini yaxşı tərəfdən göstərə bilsələr, ən azı darmadağından qaçmaq olar. İtaliyadan sonra Xorvatiya ilə də qarşılaşmamız var. Onlar da təhlükəli komandadı.
- Bu iki oyundan neçə xalla ayrıla bilərik?
- İki xal qazanmağımız ideal olardı.
- İtaliya yığmasında köhnələrdən Buffon və Pirlo qalıb. Bu komandanın daha hansı üstünlüklərini qeyd edə bilərsiz?
- Məncə, biz rəqibdən daha çox öz oyunumuzu düşünməliyik. Son zamanlarda biz necə oynayırıq? Ən azı Bolqarıstanla görüşü xatırlayaq (1:2). Bolqarların nəyi var ki, biz onlara öz meydanımızda uduzduq? İndi isə daha güclü rəqiblə, özü də səfərdə oynayacağıq. Təsəvvür etmək belə çətindi. Foqts hələ də AÇ-2016-ya vəsiqə qazanmaqdan danışır. O, bununla zarafat edir, ya ciddidi?
- Siz onun bu hədəfinə inanmırsız?
- Belə oyunla yox. Özbəkistan (0:0), Rusiya (0:4) və Bolqarıstanla (1:2) oyunlar tam əksini göstərdi. Mən hələ ötən tsiklin sonundakı komandanı görə bilmirəm. Halbuki, o vaxt Şimali İrlandiya (2:0) və Rusiya ilə (1:1) əla oynamışdıq.
