Berti Foqts Türkiyədə çıxış edən futbolçularımızı tənqid etdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Türkiyə PTT 1-ci Liqasında çıxış edən Vaqif Cavadov, Mahir Şükürov və Cavid İmamverdiyevi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya və Xorvatiya ilə oyunlara dəvət etməməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bədavi Hüseynov son dövrlərdə əla təsir bağışlayır. Qara Qarayevin kiçik zədəsi olsa da, o da yaxşı oynayır. Sizcə, Azərbaycan Premyer Liqası Türkiyə PTT 1-ci Liqasından zəifdi? Futbolçular üçün pul daha vacibdi, yoxsa karyera? Yaxşı futbolçu "Neftçi"nin, "Qarabağ"ın, "Xəzər Lənkəran"ın heyətində çempion olmağa çalışar, daha Türkiyənun aşağı liqalarında naməlum hədəflər üçün mübarizə aparmaz.
Niyə bizim futbolçular Avropada çıxış etmirlər? Mən bu sualın cavabı üstündə saatlarla düşünürəm. Azərbaycanlı oyunçular futbolla yaşamırlar. Son 3-4 ildə yaxşı futbolçular peyda olublar, amma onlar klublarını dəyişirlər, formalarını itirirlər. Niyə? Bizim futbolçular almanlarla, italyanlarla müqayisədə özlərinə tez vurulurlar, ulduz xəstəliyinə tutulurlar".
