Elvin Yunuszadə: İtaliya ilə oyun öncəsi bir az həyəcan var
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- İtaliya ilə oyuna hazırlıq necə gedir?
- Hər şey qaydasındadı. Hazırlaşırıq.
- Komandamızı bu matça hazır saymaq olar?
- Bəli, tamamilə. Biz qarşılaşmaya hazırıq.
- Bu oyun öncəsi fikirlərinizi bilmək istərdik...
- Əlbəttə, bizə həm İtaliya, həm də Xorvatiya ilə görüşlərdə çox çətin olacaq. Rəqiblərin gücü hamıya bəllidi. Üstəlik, hər ikisi ilə səfərdə oynayacağıq. Amma bizim sonadək mübarizə aparmaqdan başqa çıxış yolumuz yoxdu. Allah eləsin ki, Bakıya ən azı bir xalla qayıda bilək.
- İki oyuna 1 xal?
- Biz daha yaxşı oyun sərgiləyib, daha sərfəli nəticə qazanmaq istəyirik. Həm Palermoda, həm də Osiekdə xal qazanmağa çalışacağıq.
- Sizcə, yığmamız bu komandalardan xal alacaq gücdədi?
- Əgər bütün gücümüzü meydanda qoysaq, rəqiblərimizdən xal ala bilərik. Mümkünsüz heç nə yoxdu. Hər şey özümüzdən asılıdı.
- Mahir Şükürovla Vaqif Cavadov da yığmaya çağırılmayıb. Bu, sizin üçün gözlənilməz olmadı?
- Əlbəttə, Mahirlə Vaqif bizim üçün vacib oyunçulardı. Amma onları əvəz edə biləcək futbolçularımız da var.
- İtaliya ilə oyun öncəsi həyəcan var?
- Düzünü deyim ki, bir az həyəcanlıyam.
- Bu, sizin üçün problem yaratmaz?
- Xeyr, start fitindən sonra hər şey qaydasına düşəcək.
- İtalyanların heyətində kimi xüsusi izləyəcəksiz?
- Biz bir futbolçunu yox, bütün komandanı dayandırmalıyıq. Çünki onlar da bizə qarşı tək oyunçu ilə yox, bütöv kollektiv halında mübarizə aparacaqlar.
