Kramarenko: Qurbanov yığmaya da rəhbərlik etməlidi
Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı, "Qəbələ"nin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiya ilə oyunları öncəsi maraqlı açıqlama verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA-ya pulsuz məsləhət verə bilərəm. Əgər yığmamızın böyük uğurlara imza atmasını istəyirlərsə, əsas komandamızı "Qarabağ"ın bazası fonunda formalaşdırsınlar. Qurban Qurbanov artıq bu klubda özünü doğruldub. O, bütün yerli futbolçuları yaxşı tanıyır. Onun komandası yaxşı, kombinasiyalı futbol sərgiləyir. Kimsə deyə bilər ki, "Qarabağ"da Reynaldo və digər oyunçular var, ona görə komanda belə baxımlı futbol sərgiləyir. Amma unutmaq lazım deyil ki, bu komandanı da o formalaşdırıb. Əminəm ki, Qurbanov yığmada da çalışmağa razılıq versə, millimizdə həm oyun, həm də nəticə baxımından irəliləyiş olacaq. Elə Qurbanova "Qarabağ"da yardım edən məşqçilər də millimizdə çalışsa, pis olmaz. İnanın ki, bu təcrübə gec-tez öz bəhrəsini verəcək".
