Mahmud Qurbanov: Milli İtaliya və Xorvatiya ilə oyunlarda sonadək vuruşmalıdı
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi
- Frankfurt toplanışında yığmamız daha çox nələrin üzərində çalışdı?
- İlk növbədə taktiki hazırlığa diqqət yetirdik. Qarşıdakı rəqiblərimiz çox güclüdü. Bu baxımdan xüsusi hazırlaşmağımıza ehtiyac vardı.
- İtaliya yığmasının oyununa baxmısız?
- Onların Norveçlə son oyununa baxmışıq. Berti Foqts diqqət yetirməli olduğumuz bir sıra məqamları vurğuladı.
- Bəs siz İtaliya - Azərbaycan oyunundan nə gözləyirsiz?
- Bu, dünyanın ən yaxşı komandalarından biridi. Onlar son dünya çempionatında uğursuz çıxış etmələrinə, qrupdan çıxa bilməmələrinə rəğmən, Norveçlə oyunda öz səviyyələrini göstərdilər.
- Razısız ki, İtaliya və Xorvatiya kimi rəqiblərdən xal almaq müşkül görünür?
- Elədi, amma çalışmaq lazımdı. Bolqarıstana məğlub olmaqla özümüzü çox çətin vəziyyətə saldıq. Mən bu uğursuzluğu start həyəcanı ilə əlaqələndirərdim. Halbuki, həmin oyunda qələbə qazana bilərdik.
- Foqts hələ start heyətini açıqlamayıb?
- Xeyr, start heyəti hələ müəyyənləşməyib.
- İtaliya və Xorvatiyadan nəyin sayəsində xal ala bilərik?
- Futbolda hər şey olur. Bəzən autsayder favoritə qalib də gəlir. Rəqiblərimizin bizi düzgün qiymətləndirməməsinə ümid bəsləyə bilmərik. Biz istənilən halda sonadək vuruşmalıyıq.
