Rəşad Sadıqov: Millinin hər bir üzvü İtaliya ilə oyunda özünü ən yaxşı tərəfdən göstərməlidi
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:
"Qarabağ"ın son oyunlarında tam iştirak edə bilməmişəm. Amma indi özümü hazır hesab edirəm. Oynamağım isə baş məşqçinin qərarından asılıdı".
Sadıqov italyanlarla oyunun yığmamız üçün xüsusi olduğunu bildirib: "İtaliya yığmasını dünyanın hər bir komandası məğlub etmək istər. Belə bir komandaya qarşı oyunda kim özünü yaxşı tərəfdən göstərmək istəməz ki? Bizim futbolçuların hər biri hansı bacarığa malik olduğunu göstərməyə çalışmalıdı".
Kapitanın sözlərinə görə, İtaliya ilə oyun öncəsi komandamızın yoxlama oyunu keçirməsi daha yaxşı olardı: "Frankfurtda toplanışda olduq. Amma orada yoxlama oyunu keçirmək üçün vaxtımız olmadı. Amma belə bir oyun olsaydı, məmnuniyyətlə iştirak edərdim".
"İtaliya və Xorvatiyadan neçə xalla qayıdacağımızı təxmin etmək çətindi. Bu, futboldu, hər şey ola bilər. Əsas sonadək vuruşmağımız lazımdı".
Rəşad yığmamızın AÇ-2004-ün seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdiyi oyunları da xatırlayıb: "İndiki İtaliya daha güclüdü. O vaxt rəqibin öz ulduzları vardı, indi isə bu komanda daha aqressiv olub. Bunu da Antonio Kontenin gəlişi ilə əlaqələndirərdim. Ümumiyyətlə, Kontenin bu komandaya baş məşqçi gəldiyini eşidəndə çox üzülmüşdüm".
