Tərlan Əhmədov: Mahirlə Vaqifin yoxluğu ilə millinin problemləri həll olunmur
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi
- Yığmamızı qarşıda İtaliya ilə AÇ-2016-nın seçmə mərhələ oyunu gözləyir. Bu komandaya qarşı oynamış keçmiş futbolçu kimi nə deyə bilərsiz?
- İtaliya kimi rəqibə qarşı oyuna çıxanda ilk növbədə öz ölkənin yığmasında çıxış etməyinlə qürur hissi keçirirsən. Belə bir dünya nəhənginə qarşı oynamağın özünün də ayrı yeri var. Dünya çempionu olmuş bir komandaya qarşı oynamaq həmişə xoşdu. Bu, futbolçularda daha yaxşı oynamağa, nəticə qazanmağa istəyi daha da artırır. Çünki rəqib Bolqarıstan və ya Lüksemburq olmur. Məsuliyyət daha böyük olur.
- Bəs indiki yığmamızdan İtaliya və Xorvatiya ilə oyunlarda nə gözləmək olar?
- Bolqarıstandan ən azı bir xal ala bilməməyimiz təəssüf hissi doğurur. Azərbaycan yığmasının potensialı var. Fikrimcə, İtaliya və Xorvatiyadan qorxmaq lazım deyil. İstək varsa, nəticə də olacaq.
- Bu oyunlarda müdafiə xəttimizin işi çətin olacaq. Komandamızın müdafiədəki oyunu sizin ürəyinizcədi?
- Bolqarıstanla oyunda səhvlər çox idi. Belə müdafiə ilə italyanlara qarşı oynamaq çətin olacaq. Amma müdafiə xəttinin yaxşı oynaması digər futbolçularda da inamı artırır.
- Berti Foqtsun Mahir Şükürovla Vaqif Cavadovu yığmaya çağırmaması bolqarlarla oyundakı səhvlərdən qaçmaq üçün atılan addım hesab etmək olar?
- Yığmamız bu iki futbolçudan ibarət deyil. Hər bir komanda, futbolçu səhv edə bilir. Müdafiənin mərkəzində də kobud səhvlər var idi. Bütün günahı yalnız iki futbolçunun üzərinə atmaq düzgün deyil. Onların milliyə çağırılmaması ilə komandadakı problemlərin çözüldüyünü düşünmək olmaz. Mənim fikrimcə, belə təcrübəli futbolçuların yığmada olması daha faydalı olardı.
- AZAL Premyer Liqada geridə qalan oyunlarda 8 xal toplaya bilib, 8-ci yerdədi. Razısız?
- (gülür) Mövsüm yeni başlayıb. Qarşıda hələ 29 tur var. Nəticəni sonda müzakirə etmək olar.
- Bəs komandanızın perspektivini necə görürsüz?
- Komanda hər növbəti oyunda daha yaxşı çıxış edir. Mənim komandaya inamım böyükdü. Futbolçular da tədricən forma toplayırlar. Əsas odu ki, istək var. Xal ehtiyatımızı yaxşılaşdıracağıq.
- Bəs rəhbərlik necə, onlar da sizin kimi inanır?
- Onlar mənə güvənirlər. Əks halda burada olmazdım. Mətbuatda mənim gedəcəyimə dair xəbərlər dolaşırdı. Amma bunlar hamısı uydurmadı.
