8 oktyabr 2014 13:50

Elşad Nəsirov: Əmin olun ki, mənim, Elxan Məmmədovun, Elxan Tağızadənin Neftçi ilə heç bir əlaqəsi yoxdu

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov azərisport.az saytına müsahibə verib.

- Bir neçə gün əvvəl Bakının AÇ-2020-nin 4 oyununa ev sahibliyi edəcəyi bəlli oldu. İlk növbədə bu qərara münasibətinizi öyrənmək istərdik.
- Bu, hamımızın bayramıdı. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarının Bakıda keçirilməsi inanılmaz hadisədi. Çox sevinirəm ki, Azərbaycan paytaxtında bu cür yüksəksəviyyəli oyunlar keçiriləcək. Bakının namizədliyinin UEFA tərəfindən qəbul edilməsi bir çox Avropa ölkəsində maraqla qarşılandı. Buna qısqanclıqla yanaşanlar da oldu. Məsələn, Bolqarıstana deyil, Azərbaycana belə bir oyunların etibar edilməsi bəzilərində sual doğurdu. Özü də Bakı ən yüksək xalla istəyinə çatdı. Bu, bizim üçün böyük etimaddı.

- AÇ-2020-nin 4 oyununun Bakıda keçirilməsi Azərbaycan futboluna nə verəcək?
- İnanıram ki, bu qərar futbolumuza böyük fayda verəcək. 1994-cü ilə kimi ABŞ futbol ölkəsi deyildi. Amma həmin il orada keçirilən dünya çempionatı ölkədə futbolun inkişafına böyük təkan verdi. Eyni sözləri 2002-ci ildə mundialı qəbul edən Cənubi Koreya və Yaponiyaya da aid etmək olar. Biz inanırıq ki, bu turnirdən sonra Azərbaycanda da futbola maraq artacaq. Həm oğlanlar, həm də qızlar arasında bu idman növü ilə peşəkar səviyyədə məşğul olanların sayı yüksələcək. İstərdik ki, həmin turnirdən sonra Azərbaycan futbolunun səviyyəsi daha da yüksəlsin.

- Qarşıda milli komandamızı AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə İtaliya və Xorvatiyaya qarşı oyunlar gözləyir. Bu qarşılaşmalar haqda nə düşünürsüz?
- Komandamıza ümidlərim böyükdü. Gözləyirəm ki, futbolçularımız səfərdə kişi kimi oynasınlar. Heç kimdən qorxmaq lazım deyil. Düzdü, rəqiblər güclüdü. Amma hesab edirəm ki, həm İtaliya, həm də Xorvatiya bizə ciddi rəqib gözü ilə baxmır. Bu isə bizim üçün bir şandı. Arzu edirəm ki, biz çətin səfər matçlarından gülərüzlə qayıdaq.

- Millimizin baş məşqçisi Berti Foqts bəyan edib ki, məqsəd qrupda üçüncü yeri tutmaqdı. Sizcə bu, realdı?
- Bizim yığma komandamızda ən cəsarətli adam elə Berti Foqtsun özüdü. Gəlin, bir qədər əvvələ qayıdaq. Foqts ilk dəfə Azərbaycana gələndə hər birimiz çox həyəcanlı idik. Düşünürdük ki, dünya və Avropa çempionu Azərbaycana gəlir. Sözün açığı, biz onun millimizdə çalışmaqla bağlı razılıq verəcəyinə də şübhəylə yanaşırdıq. Bu gün Foqts millinin qarşısına çox ciddi, böyük məqsəd qoyub. Mən Foqtsun fikrinə güvənirəm. Bu gün o, Azərbaycanda ən böyük mütəxəssisdi. Əgər Foqts deyirsə ki, bizim komandamız qrupda üçüncü yeri tuta bilər, deməli bu, həqiqətən də mümkündü.

- Belə başa düşdük ki, Foqtsun işindən razısız. Amma son olaraq Bolqarıstanla oyundakı yenilgidən sonra alman mütəxəssisdən narazıların sayı daha da artıb...
- Bəli, hamı Foqtsan razı deyil. Çoxları onu tənqid edir. Amma unutmaq lazım deyil ki, hər şey Foqtsdan asılı deyil. Onun tapşırıqlarını yerinə yetirməli olan komanda var. Üstəlik, azarkeş amilini də unutmayaq. Bütün ölkələrdə azarkeş 12-ci oyunçu hesab olunur. Amma bizim 12-ci oyunçumuz da millimiz kimi zəif inkişaf edir. Azarkeşlər millini tənqid edirlər. Bəlkə də onlar ümid etdikləri oyunu yığmanın ifasında görmürlər. Lakin digər ölkələrin azarkeşlərinə də diqqət yetirək. Son dünya çempionatında meydan sahibi Braziliya Almaniyaya 1:7 hesabı ilə uduzdu. Heç kim braziliyalıların belə hesabla uduzacağını gözləmirdi. Amma azarkeşlər komandanı sona kimi dəstəklədilər. Oyun vaxtı neçə azarkeş stadionu vaxtından əvvəl tərk etdi? Komanda uduzdu, amma azarkeşlər çökmədi. Bizdə isə əksinədi. Bolqarıstanla oyunda stadiona toplaşan futbolsevərlərin yarısı ilk qoldan sonra dərhal “istefa” qışqırmağa başladı. Azarkeşlərin digər qismi isə stadionu tərk etdi. Biz stadiona niyə gəlirik? Komandamızı dəstəkləmək üçün. Amma həmin dəstəyi vermirik. Bəzən futbolçulardan da narazı qalırıq. Almaniya ilə oyunu xatırlayırsız? Həmin görüşdə sona yaxın millimiz qol vurdu. Hər kəs sevinirdi. Buna kimi “istefa” qışqıran azarkeşlərimiz də həmçinin. Futbolçularımızın da sevincinin həddi-hüdudu yox idi. Halbuki başqa komandanın futbolçusu olsaydı, həmin anda sevinmək əvəzinə topu götürüb meydanın mərkəzinə qaçmalıydı. Düzdür, sona az qalırdı. Amma nəzəri cəhətdən vaxt var idi. Əsl döyüşcü həmin anda növbəti qolu düşünməliydi.

- Problemin kökünü nədə görürüsüz?
- Açıq danışmaq lazımdı. Bu gün Azərbaycanda 11 yüksək səviyyəli futbolçu tapmaq çox çətindi. “Hər şey yaxşı olacaq” deməklə və ya möcüzəyə ümid etməklə iş bitmir. Bu gün Azərbaycanda əhalinin yalnız 0,1 hissəsi rəsmən futbolçu kimi qeydiyyatdan keçib. Siz bilirsiz Almaniyada nə qədər insan futbol oynayır, yəni rəsmi şəkildə qeydiyyatdan keçiblər?

- Təəssüf ki, bu suala dəqiq cavab verə bilməyəcəyik...
- Almaniyada əhalinin 11 faizi futbolçu kimi qeydiyyatdan keçib. Bura peşəkarlar, həvəskarlar, futzalla məşğul olanlar və qadın futbolçular daxildirlər. Almaniyanın əhalisinin sayını nəzərə alsaq, ölkədə 11 milyona yaxın insan futbolla məşğul olur. Deməli, hər bir milyondan bir futbolçu çıxsa, güclü heyət formalaşdırmaq olar. Elə 1 milyondan 1 futbolçunun çıxmasının nəticəsidi ki, Almaniya bu gün dünya çempionudur. Ölkə futbolunun inkişafı üçün 3 məqam bir-birinə bağlıdır. Milli komanda, klublar və mətbuatın dəstəyi. Təəssüf ki, bu gün mətbuat da milliyə lazımı qədər dəstək olmur. Təbii ki, bunu hamıya şamil etmirəm. Amma reallıq budu ki, bu gün komandamızı qarşıda 2 çətin oyun gözləyir. Çoxları isə indidən yenilgi ilə barışıb. Deyirlər ki, 3 oyundan sonra xalsız qalacağıq. Halbuki komandaya dəstək olmaq lazımdı.

- Son günlər adınız “Neftçi” ilə yanaşı hallanır. Klubun vitse-prezidenti postuna gətirilən Elnur Məmmədovun sizin “kadr”ınız olduğu deyilir. Həqiqətənmi “Neftçi”nin yeni vitse-prezidenti sizin istəyinizə əsasən seçilib?
- Bu, düzgün informasiya deyil. Elnur Məmmədov daha əvvəl uzun müddət AFFA-da çalışıb. Biz yalnız onun AFFA-dan gedişinə razılıq vermişik, vəssəlam. Məmmədovun “Neftçi”yə təyinatı isə sırf klub rəhbərliyinin qəbul etdiyi qərardı.

- Deməli, Elxan Tağızadənin tezliklə “Neftçi”nin prezidenti postunda Sadıq Sadıqovu əvəzləyəcəyi də düzgün informasiya deyil?
- Əlbəttə. Əmin olun ki, Elşad Nəsirovun, Elxan Məmmədovun, Elxan Tağızadənin “Neftçi” ilə heç bir əlaqəsi yoxdu. Biz “Neftçi”yə rəhbərlik etmirik. Mən “Neftçi”nin sahibi yox, AFFA-nın vitse-prezidentiyəm. “Neftçi”nin işlərinə qarışmıram, buna haqqım da yoxdu. Son zamanlar mətbuatda yayılan informasiyaları mən də oxuyuram. Əminliklə deyirəm ki, AFFA-da rəhbər şəxslər arasında heç bir intriqa yoxdu.

- Son olaraq ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən “Qarabağ” haqda da fikilərinizi bilmək istərdik. Ağdam klubunun səfərdə “İnter”ə qarşı sərgilədiyi oyunu bəyəndinizmi?
- “Qarabağ”ın qrup mərhələsində oynaması hər birimizi sevindirir. “İnter”lə səfər oyununa baxdım. Komandanın çıxışını bəyəndim. Düzdü, qələbəni “İnter” qazandı. Amma “Qarabağ” bacardığını etdi. Rəqib güclü olsa da, kişi kimi oynadılar. Qol epizodları da oldu. Amma təcrübə sonda öz sözünü dedi. Birdən-birə ciddi uğurlar qazanmaq qeyri-mümkündü. Zamanla həm klublarımız, həm də millimiz daha böyük uğurlara nail olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.