Neftçi Bruno Bertuççi ilə yollarını ayırdı
"Neftçi"nin braziliyalı futbolçusu Bruno Bertuççinin müraciətindən sonra onunla klubu arasında olan müqaviləyə xitam verilib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
“İki ildən artıqdı Azərbaycandayam. Bu müddətdə özümü çox xoşbəxt hesab etmişəm. Mən “Neftçi” üçün çox fəxr və fədakarlıqla oynamışam. Komanda və azarkeşlər üçün əlimdən gələni etmişəm. Biz birlikdə çempionluq qazanmış və tarix yazmışıq. Sizin üçün çox darıxacam, amma artıq öz ölkəmə, öz evimə qayıtmağın vaxtı çatıb. Mən “Neftçi”nin adını bundan sonra oynayacağım bütün klublara daşıyacam. Azərbaycandakı insanlar mənim ürəyimdə həmişə qalacaqlar. İkinci ailəm olan komanda yoldaşlarım isə daim mənim dostlarım olaraq qalacaqlar. Öz adımdan və ailəmin adından klub prezidenti Sadıq Sadıqova “Neftçi” üçün etdiyi hər şeyə görə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, 2009-cu ildə Braziliyanın U-20 milli komandasının heyətində 7 oyuna 1 qol vuran Bruno Bertuççi “Korintians” (Braziliya) və “Qrashopper” (İsveçrə) kimi klublarda çıxış edib. 2012-ci ildən “Neftçi”nin formasını geyinən Bertuççi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib.
